BAKI, 14 dekabr — Sputnik. Ötən həftə Azərbaycan parlamenti planlaşdırılan gəlirləri 30,7 milyard manat və xərcləri 33,3 milyard manat olan 2023-cü il üçün dövlət büdcəsini qəbul edib. Nəticədə onun defisitinin 2,6 milyard manat təşkil edəcəyi gözlənilir.
2023-cü il dövlət büdcəsinin vəsaitlərinin böyük hissəsinin müdafiə və dövlət təhlükəsizliyinə (5,3 milyard manat), təhsilə (4,4 milyard manat), sosial müdafiəyə (4,4 milyard manat), ictimai xidmətlərə (3,7 milyard manat) və işğaldan azad edilmiş ərazilərin bərpasına (3 mlrd. manat) yönəldiləcəyi proqnozlaşdırılır.
Profisitdən defisitə
Azərbaycanın dövlət büdcəsində defisiti dörd ildir ki, müşahidə olunur: sonuncu dəfə 2018-ci ildə 4,4 milyard manat profisitlə icra edilib.
2019-cu ilin dövlət büdcəsinin defisiti təxminən 200 milyon manat təşkil edib. Vəziyyət 2020-ci ildə koronavirus pandemiyası üzündən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə daha da pisləşib və bu, Azərbaycanın gəlirlərinin azalmasına səbəb olub. Nəticədə 2020-ci ilin dövlət büdcəsi 1,7 milyard manat kəsirlə icra olunub.
2021-ci ildə büdcə defisiti 3 milyard manat proqnozlaşdırılsa da, 1 milyard manat təşkil edib. Bu il Azərbaycan hökuməti dövlət büdcəsinin 3 milyard manata yaxın defisitlə icrasını proqnozlaşdırmışdı, lakin yanvar-sentyabr aylarının yekunlarına görə, bu göstərici 1,9 milyard manat təşkil edib.
Yüksək xərclər əhalinin rifahının artması deməkdir
İqtisadçı ekspert Aslan Əzimzadənin fikrincə, dövlət büdcəsinin defisiti kifayət qədər normal təcrübədir və bu, Azərbaycanın xərclərinin artmasından xəbər verir.
"Defisitin olması o deməkdir ki, dövlət büdcəsinin xərcləri gəlirlərdən çoxdur. Bu xərclər insanların rifah halının yaxşılaşdırılmasına yönəlib", - deyə Əzimzadə Sputnik Azərbaycan-a bildirib.
Beləliklə, iqtisadçının fikrincə, xərclərin azaldılması əhalinin sosial vəziyyətinə və ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.
"Bir neçə il əvvəl Qərb iqtisadçıları dövlət xərclərini azaltmaqla büdcə profisitinə nail olmağı təklif edirdilər. Onlar başa düşmürdülər ki, bu, əhalinin sosial vəziyyətinə təsir edəcək və Azərbaycan iqtisadiyyatında neqativ impulslar yaradacaq", - deyə ekspert vurğulayıb.
Əzimzadə əlavə edib ki, bu səbəbdən, xərclərin dövlət büdcəsindəki gəlirlərdən artıq olmasını tamamilə mənfi hal kimi qiymətləndirmək düzgün deyil.
İqtisadçı, eyni zamanda qeyd edib ki, dövlət büdcəsinin defisitinin Azərbaycanın dövlət borcu ilə bağlı risklərə səbəb ola biləcəyini gözləməyə dəyməz.
"Dövlət borcunun Azərbaycan Respublikasının ÜDM-ə nisbəti təqribən 15%-dir. Bu sahədə risklər 30%-lik rəqəmdən sonra başlayır. Ona görə də xarici borc artsa belə, burada iqtisadiyyat üçün hər hansı riskdən söhbət gedə bilməz. Qeyd edək ki, bu gün dövlət borcunun ABŞ və Çin kimi təsirli iqtisadiyyata malik olan ölkələrin ÜDM-ə nisbəti 200%-i ötür", - deyə Əzimzadə fikrini yekunlaşdırıb.
İqtisadiyyat üçün heç bir risk yoxdur
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, son illərdə Azərbaycanın dövlət büdcəsi həmişə defisitlə proqnozlaşdırılsa da, bu, iqtisadiyyat üçün risk yaratmır.
Natiq Cəfərli
© Sputnik
Bununla yanaşı ekspert qeyd edib ki, büdcə defisitinin maliyyələşdirilməsi mənbələri də mövcuddur. Belə ki, gələn il bəzi dövlət obyektlərinin özəlləşdirilməsi, daxili kreditlərin verilməsi nəzərdə tutulur, üstəlik, neftin qiymətinin proqnozlaşdırılandan yüksək olacağına dair gözləntilər var.
"2023-cü il üçün dövlət büdcəsində neftin dəyəri bir barreli üçün 50 dollar olacağı nəzərdə tutulur. Lakin proqnozlaşdırılır ki, qiymətlər böyük ehtimalla bahalaşacaq, ölkənin gəlirləri isə xeyli yüksək olacaq", - deyə bildirib.