BAKI, 13 dekabr - Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bu barədə çərşənbə axşamı Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
“Vyaçeslav Volodin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Vyaçeslav Volodin Ərdoğana Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarını çatdırıb”, - deyə məlumatda bildirilir.
Volodin vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında münasibətlər əsasən hər iki ölkə prezidentlərinin səyləri sayəsində dinamik inkişaf edir.
O əlavə edib ki, iki ölkənin parlamentləri dövlət başçılarının qəbul etdiyi qərarların hüquqi cəhətdən təmin olunması üçün mümkün olan hər şeyi etməlidir.
“Bu baxımdan parlament ölçüsü çərçivəsində yeni əməkdaşlıq formatlarının həyata keçirilməsi düzgündür. Biz həmkarlarımızla birlikdə gələn il yüksək səviyyəli parlamentlərarası komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik. Bundan əlavə, biz gələn il parlament sədrlərinin terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsi üzrə konfransının keçirilməsi imkanlarını müzakirə etdik”, - deyə Volodin qeyd edib.
V.Volodinin başçılıq etdiyi Dövlət Dumasının nümayəndə heyəti Ankarada rəsmi səfərdədir. Çərşənbə axşamı səfər çərçivəsində Dövlət Dumasının sədri Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb. Parlamentarilər Rusiya ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.