BAKI, 13 dekabr — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə yeni dəhlizlərin və sərhəd-keçid məntəqələrinin üzərində gömrük postlarının yaradılması üzrə layihələr var". Bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
DGK sədrinin müavini Şahin Bağırov
Onun sözlərinə görə, hazırda Zəngilan rayonu ərazisində yerləşən Ağbənd gömrük-keçid məntəqəsi üzərində iş gedir. Qarabağda 2 gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır.
Həssas vaxtlarda bu məntəqələrdən keçid olmayıb, amma sonra "Eyvazlı" postundan 3 avtomobil keçib. Həmçinin əvvəllər sürücülər gömrük rüsumu ödəməkdən imtina edirdilər", - Ş.Bağırov deyib.
Onun sözlərinə görə, əsasən İran sürücüləri yol vergisini ödəməkdən yayınmaq istəyirdilər:
"Onlar kvota ayrılmasını istəyirdilər, biz isə təklif etdik ki, gömrük rüsumunu ödəsinlər".
Ş.Bağırov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə Gömrük Komitəsi fəaliyyətini həyata keçirəcək.