CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın dini ayin icraçısı vəzifəsinə 69 müraciət qeydə alınıb

İlk dəfə olaraq qadın dini ayin icraçısı vəzifəsi üzrə vakansiya elan olunub. Yaxın zamanlarda müsahibə mərhələsi başlayacaq - Komitə rəsmisi
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Qadın dini ayin icraçısı vəzifəsinə 7 vakant yeri üzrə ümumilikdə 69 müraciət qeydə alınıb. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri artıq sənəd qəbulunun bitdiyini deyib:
"Bildiyiniz kimi, ilk dəfə olaraq qadın dini ayin icraçısı vəzifəsi üzrə vakansiya elan olunub. Ümumilikdə 7 vakant yer ayrılıb və bu yerlərə 69 sənəd qəbulu olub. Yaxın zamanlarda müsahibə mərhələsi başlayacaq".
Elnarə Kərimova ölkəmizdə xurafata meylliliyin qadınlar arasında da yayıldığını vurğulayıb:
"Qadınlarımız arasında da xurafata, radikalizmə meyllilik halları yayılmaqdadır. Biz buna təəssüf edirik. Tədbirlərimizin məqsədi xurafatla mübarizə, həmçinin qadınlarımızın potensialından istifadə etməkdir".
Yas süfrəsi, arxiv şəkli
Xatırladaq ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər.
Onun sözlərinə görə, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək "dini ayinlərin icraçısı" vəzifələri nəzərdə tutulur:

"Habelə "qadın dini ayinlərin icraçısı" vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin".

Sədr müavini qeyd edib ki, ən əsası həmin qadınlar da dini təhsilli olsunlar:
"Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür".