BAKI, 13 dekabr — Sputnik. Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi ilə bağlı aparılan sorğuların nəticəsi açıqlanıb. Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) məlumatına görə, sorğu 52 rayon üzrə 167 məktəbdə aparılıb.
Sorğu zamanı 15 yaşa çatmış qızların 28,5, oğlanların isə 6,3 faizinin hər gün bir dəfədən çox enerji içkisindən istifadə etdiyi üzə çıxıb. Hətta məlum olub ki, 7,7 faiz şagird bilərəkdən özünü qusdurur, 5,55 faizi pəhriz həbləri və ya qəbzliyi aradan qaldıran dərmanlardan istifadə edir.
İSİM-in həkimi və ictimai səhiyyə mütəxəssisi Səbinə Babazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 7,7 faiz şagirdin bilərəkdən özünü qusdurması artıq çəkidən xilaq olmaq məqsədi daşıyır:
"Onlar bunu arıqlamaq məqsədilə edirlər".
S.Babazadənin sözlərinə görə, bu tədqiqatın aparılmasının məqsədi uşaq və yeniyetmələrin sağlamlığına dair davranışların sosial konteksdən qiymətləndirilməsi, yeni sübutların əldə olunmasıdır.
İSİM-in həkimi və ictimai səhiyyə mütəxəssisi Səbinə Babazadə
Onun sözlərinə görə, sorğuda iştirak edən məktəblilərin 90 faizi öz sağlamlıqlarını qənaətbəxş hesab etsələr də, oğlanların 1,5 faizi, qızların 0,8 faizi özlərini çox kök hesab ediblər.
Həmsöhbətimiz bildirdi ki, şagirdlərin 31 faizi şirin tərkibli qidalar qəbul etmədiklərini bildiriblər. 68,5 faiz isə karbohidrat tərkibli qidalara üstünlük verirlər. 5 faizdən çox şagird az miqdarda sərinləşdirici içkilərdən istifadə edir. 9,2 faiz şagird az porsiya qida ilə qidalanır.
S.Babazadə qeyd edib ki, sorğuda iştirak edən 61,8 şagird çox meyvə-tərəvəz yediyini bildirib:
"Sorğu zamanı məlum olub ki, oğlanlar qızlarla müqayisədə daha çox meyvə yeyir. Maraqlı məqam ondadır ki, şəhərdə yaşayan şagirdlər kənddə yaşayanlardan daha çox meyvə-tərəvəz qəbul edir. 46 faiz şagird isə çox su içir".
İSİM mütəxəssisi həmçinin bildirib ki, bir insan gün ərzində 5 porsiya və 400 qram meyvə-tərəvəz yeməlidir. Onun sözlərinə görə, meyvə-tərəvəzdən istifadə qeyri-infeksion xəstəliklərə yoluxma riskini azaldır.
Sorğu zamanı şagirdlər səhər yeməyi ilə bağlı da maraq doğuran məlumatlar veriblər:
"60 faiz şagird həftəiçi səhər yeməyi yediyini bildirib. 75 faiz şagird isə həftəsonu valideynlərlə birgə səhər yeməyi yeyirlər. 56 faiz dietik "cola" və 0 kalori kimi qeyd olunan sərinləşdirici içkilərdən, 66 faiz enerji içkilərindən istifadə edir. 74 faiz şagird "coca-cola" qəbul edir".
Şagirdlərin fiziki aktivliyi ilə bağlı göstəriciləri də qənaətbəxşdir.
S.Babazadə onu da bildirib ki, 30 faiz şagird həftə ərzində 4-6 saat fiziki məşqlərə üstünlük verdiyini bildirib. 9 faiz şagird isə xroniki xəstəliyə görə dərman qəbul etdiyini bildirib.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərin qidalanma vərdişinin formalaşmasında məktəb bufetlərinin də rolu var.
Kafedra müdiri bildirib ki, bufetlərdə isti yeməklərin verilməməsi şagirdlərin pis qidalanmasına gətirib çıxarır. Onun sözlərinə məktəb bufetlərində verilən qidalar normal qidalanma sayılımır:
"Şagirdlər bu qidalanmaya vərdiş edirlər".
İ.Əhmədov onu da bildirib ki, reallıqda şagirdlərin çoxu səhər düzgün qidalanmırlar. Kafedra müdiri qeyd edib ki, məktəb bufetlərində isti tərəvəz sıyıqlarının verilməsi, makaron-vermişel məmulatları, qarabaşaq buğlamaları, manna yarmasının verilməsi vacibdir. Hazırda məktəb bufetlərində satılan qidalar xoşagəlməz qidalanma vərdişinin yaranma səbəblərindəndir".
İbrahim Əhmədov
© Sputnik / Zulfiyya Guluyeva
Həkimin qənaətinə görə, məktəblilərin pis qidalanma vərdişinin formalaşmasına səbəb olan amillərdən biri də, onların dərsdən sonra əlavə məşğələlərə qalmasıdır:
"Şagirdlərin çoxu dərsdən sonra məşğələlərə qatılır. Valideyn məktəbə gedən övladının çantasına sıyıq qoya bilmir. Məcburdur ki, ən yaxşı halda kotlet, yumurta qoysun. Bu isə isti yeməyi əvəz etmir. Ona görə də yaxşı olardı ki, məktəblərdə isti yeməklər verilsin. Bu, şagirdlər arasında düzgün qidalanma vərdişinin formalaşmasının əsasını qoya bilər".