BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinin əsas məqsədi Xəzər dənizində əldə olunan uğurları artıraraq və beynəlxalq miqyasda rəqabətədavamlı layihə həyata keçirərək “Azəri-Günəşli Terminalı”ndakı (AGT) gələcək qurğuların qazma, istismar və icra əməliyyatlarını təhlükəsizlik baxımından transformasiya etməkdir. Layihənin ümumi dəyəri 6 milyard dollardır. Məbləğin demək olar ki, yarısı - təqribən 3,2 milyardı tikinti və digər işlərə sərf olunur. Qalan hissəsi isə istismar müddətinin sonuna qədər müvafiq işlərə xərclənəcək.
Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində
Xatırladaq ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təməli ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qoyulub. SSRİ dövründə ilk belə zavod məhz Azərbaycanda tikilib. 1978-ci ildə təməli qoyulan müəssisənin ilk məhsulu 1984-cü ildə yola salınıb. 1994-cü il sentyabrın 20-də Ulu Öndərin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra da zavod ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.