BAKI, 13 dekabr — Sputnik, David Narmaniya. Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Ukraynadakı münaqişə üzündən silah ehtiyatlarının tükənməsindən şikayətlənib. Bunun Avropa İttifaqına necə təhlükə yarada biləcəyi haqqında – materialımızda.
Anbarlardan deyil, ordulardan
Borrell vurğulayıb ki, Kiyev hərbi yardımı artıq ehtiyatlardan deyil, mövcud orduların arsenallarından əldə edir. Sadə dillə desək, Ukrayna Silahlı Qüvvələri onu silahlandıran Aİ ölkələrini tərksilah edir.
Eyni zamanda, siyasətçi "Ukrayna qalib gələnə qədər" sürəti azaltmamağı təklif edir. Ancaq hamı bununla razılaşmır.
İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib ki, ən azı ilin sonuna qədər yeni tədarüklər olmayacaq. Sonra isə bilinəcək.
"Hökumətin nə qərar verəcəyini görəcəyik", - deyə o əlavə edib.
"HIMARS" həmlə sistemləri
© AFP 2024 / FAYEZ NURELDINE
Kim nə qədər bacarırsa
Ukraynaya dəstək Aİ-yə baha başa gəlir. Almaniyanın "Statista" portalının məlumatına görə, millətlərüstü Avropa strukturları buna 34,99 milyard avro xərcləyiblər. Bunun 30,32 milyardı maliyyə, 3,1-i hərbi, 1,57-si isə humanitar yardımdır.
Dövlət səviyyəsində Almaniyanın lider olması gözlənilir. Berlin Kiyevə beş milyard yarım avro yardım ayırıb. Bu yardımların 1,15 milyardı iqtisadiyyata, 1,95-i humanitar istiqamətlərə, digər 2,35 milyard isə hərbi sahəyə yönəldilib.
Lakin gözlənilmədən hərbi və iqtisadi yardıma görə Polşa ikinci yerdədir. Varşava ümumilikdə üç milyard dollar yardım edib. Yarıdan çoxu - 1,82 milyard hərbi sahəyə gedib.
Ardınca 1,41 milyard avro ilə əliaçıq olan Fransa gəlir: 800 milyon - maliyyə sisteminə, 140 milyon -humanitar, 470 milyon hərbi sahəyə yardım edilib.
Ancaq bunların hamısı rəqəmlərdir, başqa bir gözəl göstərici Avropa ölkələrinin yardımlarının onların ÜDM-ə nisbətidir. Və burada liderlər demək olar ki, tamamilə dəyişir:
Estoniya - 1,1 faiz;
Latviya - 0,93 faiz;
Polşa - 0,5 faiz;
Litva - 0,46 faiz;
Norveç - 0,34 faiz.
Qeyd edək ki, Dünya Bankının məlumatına görə, Estoniya ÜDM-in təxminən 2,3 faizini müdafiəyə xərcləyir.
Geri qaytarılmayan pul
Yazın əvvəlində Avropa İttifaqı bildirib ki, Kiyevə hərbi yardım xərclərini ödəmək üçün Avropa Sülh Fondundan istifadə etmək istəyir. Lakin "Politico"nun yazdığına görə, Brüssel dəstəyin həcmini az qiymətləndirib.
Büdcəsi 2027-ci ilə qədər 5,63 milyard olan fondun özü ötən il dünyanın müxtəlif ölkələrinə dəstək məqsədilə yaradıldı. 2022-ci ildə onlar yalnız yarım milyard avro xərcləyəcəklərini gözləyirdilər. Sonra Rusiyanın hərbi xüsusi əməliyyatı üzündən yardımların həcmi bir milyard yarıma qədər genişləndirildi. Bütün pullar, gözlənildiyi kimi, Kiyevin ehtiyaclarına getdi.
Noyabr ayına qədər təkcə bu xətt üzrə xərclər 3,1 milyard təşkil edib.
Zəifləmiş "bonsay ordular"
Gələn il də Kiyevə silah yardımı heç də az olmayacaq: bazar ertəsi, axşam Borrell 2023-cü ildə iki milyard avro ayrılacağını açıqlayıb. Baxmayaraq ki, o, dörd ay əvvəl belə bir yanaşmanın zərərli olması barədə danışıb.
"Aİ ölkələrinin silahlı qüvvələri "bonsay orduları" kimi bir şeyə çevriliblər: onlar real kimi görünürlər, lakin onların Rusiya ilə tammiqyaslı birbaşa qarşıdurma üçün çox az resursları var", - deyə siyasətçi çəkinmədən deyib.
Hərbi ekspert Aleksey Leonkov qeyd edir ki, avropalıları qorxudan bəyanat hələ tam həqiqət deyil.
"Avropalılar həqiqətən də anbarlardan silah tədarük etməli idilər, lakin onlar buna hazır deyildilər. Onlar Sovet texnikası və silah-sursatları ilə məhdudlaşmağı planlaşdırırdılar, lakin bu ehtiyatları tez bir zamanda tükətdilər və NATO silahlarını ötürməyə başladılar. Tədarüklərin əhəmiyyətli hissəsi istismardan çıxarılan nümunələrdən ibarət idi", - deyə Leonkov bildiib.
O əlavə edir ki, ayrı bir problem texnika parkıdır. Məsələn, Almaniyanın "Leopard II" tanklarının cəmi 45 faizi döyüşə hazırdır, qalanlarının təmirə ehtiyacı var.
"Problem təkcə Avropada silah ehtiyatlarının tükənməsində deyil, həm də yerli hərbi sənaye kompleksinin onları doldura bilməməsindədir. Əgər hələ 1990 və 2000-ci illərdə Avropa hərbi sənayesi Amerika ilə rəqabət aparırdısa, indi o, öz mövqelərini xeyli itirib", - deyə Leonkov vurğulayıb.
Onun Kiyevin dəstəyinin öhdəsindən gəlib-gəlməyəcəyi hələlik bəlli deyil. Xüsusilə siyasətçilərin tədarüklərin həcmini əhəmiyyətli dərəcədə artırmaqla bağlı yüksək səviyyəli vədləri fonunda.