BAKI, 13 dekabr — Sputnik. Azərbaycan heç bir qüvvəyə imkan verməyəcək ki, müstəqilliyimizə, ərazi bütövlüyümüzə zərbə vursun. Rusiya sülhməramlılarının bir qrup ictimai fəal və ekoloqun qarşısını kəsdiyi yolu məhz Azərbaycan dövləti inşa edib.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Qurbanov qeyd edib ki, mandatlarından sui-istifadə edən Rusiya sülhməramlıları ekoloqların və bir qrup ictimai fəalın qarşısını kəsiblər. Bu, heç bir hüquqa sığmır.
Komitə sədri qeyd edib ki, dövlətimiz bundan sonra ərazilərimizdə ekoloji tarazlığın pozulmasına imkan verməyəcək. Azərbaycan Zəfərindən sonra erməni vəhşilərinin məhv etdikləri əraziləri yenidən qurur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım isə deyib ki, Azərbaycanın təbii sərvətlərinin ermənilər və onların havadarları tərəfindən talanması bizi narahat edir:
"Biz yenə də ikili standartların nəticəsini görürük. Azərbaycan ictimaiyyətinin tələbi odur ki, "Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarına son qoyulsun. Ermənilərin ərazilərimizdə ekosistemi məhv etməsi, yeraltı sərvətlərimizi talamaqları üçün 30 il yetmədi? Necə olur ki, xarici ölkə vətəndaşları bu ərazilərə sərbəst girə bilir, amma Azərbaycan vətəndaşlarına qadağa qoyulur?"
Fatma Yıldırım Ermənistanın ekoloji terroruna etiraz əlaməti olaraq Milli Məclisin deputatlarının bəyanat verməsini təklif edib.
Ötən gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.
Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.