CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi sürücülər qəsdən dövlət qeydiyyat nişanlarının üstünü çirkləndirməyə çalışır - BDYPİ

Mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülər avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalıdırlar.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hazırda mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülər avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalıdırlar:

"Lakin, təəssüf bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir".

Daha sonra M.Ağayev sürücülərin diqqətinə çatdırıb ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir:
"Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və cərimə məbləği 40 manat olmaqla inzibati məsuliyyət yaradır", -deyə o əlavə edib.
Qeyd edək ki, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.