BAKI, 13 dekabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələri elan olunub.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, namizədlər müvafiq linkə keçid edərək müsahibə nəticələri və reytinqləri ilə tanış ola bilərlər.
Növbəti mərhələdə namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq.
Qeyd edək ki, müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib.
Yada salaq ki, 29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Xatırladaq ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanıb.
Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.