BAKI, 13 dekabr — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyaya səfəri zamanı MI6-nın rəhbəri Riçard Murla təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.
"Qriqoryan Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Britaniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Leo Doherti və məxfi kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur ilə görüşüb. Həmsöhbətlər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər", - Təhlükəsizlik Şurasının saytında deyilir.
Görüşlərin təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında keçirdiyi görüşlər barədə məlumat vermişdi. Qriqoryan sosial şəbəkələrdə yazıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlər keçirib.
O, Vaşinqtona səfəri çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında olub.