BAKI, 12 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taniyə hədiyyə etdiyi 2018-ci il Dünya Kubokunun futbol topu Dohadakı Olimpiya və İdman Muzeyinin ən dəyərli eksponatlarından biridir.
Sərgidə Rusiyada keçirilən dünya çempionatının həlledici matçlarında istifadə edilən "Meçta" futbol topu ilə yanaşı, Putin, Al Tani və FİFA rəhbəri Canni İnfantinonun Kremldəki görüşündə çəkilən foto da nümayiş etdirilir. Dünya çempionatına ev sahibliyi etmək üçün səlahiyyətlərin Qətərə verilməsi mərasimi 2018-ci ilin iyulunda baş tutub və bu mərasimdə Putin Qətər əmirinə Rusiyada keçirilən dünya çempionatının simvolları olan qırmızı və ağ rənglərə malik top hədiyyə edib.
Muzey rus və sovet idmanına aid çoxlu sayda eksponat təqdim edir. Girişdə Moskva (1980) və Soçi (2014) daxil olmaqla, bütün keçmiş Olimpiadaların məşəlləri var. Keçmiş Oyunların bütün medalları və talismanları da nümayiş etdirilir.
Muzeydə şəxsi sərgilər ən böyük idmançılara həsr olunub. Belə ki, gimnast Larisa Latınina, yunan-Roma güləşçisi Aleksandr Karelinin şəxsi interaktiv stendləri var. Stendlərdən birində 2011-ci ildə Qətərdə keçirilən turnirin qalibi olmuş tennisçi Vera Zvonarevanın avtoqrafı ilə Rusiya bayrağını görmək olar.
Muzeydə xokkeyçi Ueyn Qretski, basketbolçu Maykl Cordan, yarış sürücüləri Mixael Şumaxer və Ayrton Senna, futbolçu Pele və bir çox başqalarının stendləri nümayiş etdirilir.
Muzey dünya çempionatının stadionlarından birinin - "Xəlifə"nin ərazisində yerləşir. Turnirə gələn azarkeşlər üçün giriş pulsuzdur.