BAKI, 12 dekabr — Sputnik. Paytaxt dayanacaqlarında avtobus gözləyən "sərnişin ordusu" ilə səhər və axşam saatlarında demək olar ki, hər birimiz rastlaşırıq. Bu mənzərə pik saatlarda Bakıda dayanacaqların əksəriyyətində müşahidə olunur. Sərnişinlər bunun əsas səbəbinin xəttə çıxan avtobusların sayının azlığı ilə bağlı olduğunu iddia etsələr də, indiyədək Bakı Nəqliyyat Agentliyi problemin yaranmasını tıxaclarla izah edirdi.
Nəhayət, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev mətbuata açıqlamasında bildirib ki, bu məsələdə avtobusların sayının azlığı da rol oynayır: "Avtobusların hərəkət intervalında gecikmə var və ümumiyyətlə bu mövzuda danışanda əsas səbəb kimi tıxacı göstəririk. Təbii ki, burada müəyyən daşıyıcı şirkətlər tərəfindən avtobusların sayının azaldılması, avtobusların xəttə çıxarılmasında sui-istifadə halları da var, biz bunu istisna etmirik".
Bəs görəsən bu hallarda daşıyıcılara qarşı hansı tədbirlər görülməlidir?
Sərnişinlər Binəqədi qəsəbəsi - "Azadlıq" metrostansiyası istiqamətində sərnişin daşıyan 108 B saylı avtobusun gec gəldiyini söyləyirlər. Sərnişin Aygün Bünyadzadə Sputnik Azərbaycan-a bildirib ki, hər gün ən azı 30 dəqiqə avtobus gözləyir: "108 saylı avtobusa minmək böyük qəhrəmanlıq tələb edir. Bu avtobusun intervalı 10 dəqiqə olsa da 30 dəqiqədən tez gəlmir. Bəzən ikisi ardı-ardına gəlir. Amma sərnişin o qədər çox olur ki, qəsəbədən bu avtobusa minə bilmirik. Bir səbəb yollardakı tıxacdırsa, digər səbəb avtobusun sayının az olmasıdır".
Binəqədi - "Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobusların da sayı azdır. Sərnişin Esmira Nuriyeva deyir ki, sürücüyə gecə gəldiyinə görə irad bildirəndə o avtobusun sayının az olduğunu əsas gətirir: "133 saylı avtobusun bəzən bir gündə altısı xəttə çıxır. Amma əvvəl avtobusların sayı 13 idi. Sürücülər avtobusların çoxunun təmirdə olduğunu bildirirlər. Biz isə 20 dəqiqə avtobus gözləyirik".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün Bakıda xəttə buraxılan avtobusların sayının az olmasının səbəbi təkcə onların nasaz olması ilə bağlı deyil. Əsas problemlərdən biri, daşıyıcılara o avtobusların hamısını xətə çıxartmağın sərfəli olmaması ilə bağlıdır: "Avtobusların sayının azlığı həm də onunla bağlıdır ki, daşıyıcı şirkətlər zərərlə işləyir. Daşıyıcılar hökümətə müraciət ediblər ki, onlara subsidiya verilsin, yaxud da gediş haqqı artırılsın. Amma onların bu təklifinə heç bir dəstək verilməyib. Pandemiya ilə bağlı hökumətin sərnişin daşıyıcılarına ayırdığı 7 milyon pulu da onlar ala bilmədilər. Bu pulun hamısını Bakı Nəqliyyat Agentliyi "Bakubus"a ayırdı. BNA özəl daşıyıcı şirkətlərə hansı dəstəyi göstərdi ki, indi onlardan bütün avtobuslarını xəttə çıxartmağı tələb edir? Daşıyıcı şirkət zərərə işləyirsə vəziyyət bu həddə də olmalı idi".
E. Muradlı deyir ki, daşıyıcı şirkətlərin çoxunun avtobus parkı köhnəlib, yararsız vəziyyətə düşüb. Onlar yeni avtobuslar almaq üçün banklardan kredit də götürə bilmirlər. Çünki, BNA marşrut xətllərini daşıyıcılara müvəqqəti istismar adı ilə verir: "Marşrut xətləri daşıyıcılara uzunmüddətli verilmədiyindən onlar kredit ala bilmirlər".
Ekspertin sözlərinə görə, BNA-nın marşrut xətləri ilə bağlı apardığı siyasət kökündən yalnışdır: "BNA Bakıının ən yaxşı marşrut xətlərini "Bakubus"a verib. Kənara da ancaq sınıq-salxaq avtobuslar ayrılıb. Bu heç də xoş mənzərə yaratmır. Bəlkə də BNA hesab edir ki, şəhərin mərkəzinə müasir avtobuslar salmaqla iş bitir. Amma düşünmürlər ki, Bakı ətrafından gələn sərnişinlər hər gün nə qədər əzab-əziyyət yaşayırlar".
BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün daşıyıcılarda xəttə göstəriləndən az sayda avtobus buraxıldığı hallar olur: "Bütün daşıyıcılar hər gün xəttə az avtobus çıxartmırlar. Amma belə hallar olur. Avtobus qarajı saz vəziyyətdədirsə daşıyıcı müqavilədə qeyd edildiyi sayda avtobusu hər gün istismara buraxmalıdır".
Bununla belə M. Ağayev deyir ki, hələ bəzi daşıyıcılarda xəttə gündəlik nə qədər avtobus buraxıdığını izləmək mümkün deyil: "Vahid dispetçer sisteminə 80 avtobus üzrə məlumat daxil olunub. Həmin xətlərdə avtobus sayını dispetçer sistemi vasitəsilə izləmək mümkündür. Amma bəzi xətlər üzrə avtobuslar hələki bu sistemə inteqrasiya olunmayıb. Kart sisteminə keçdikcə onlarda bu sistemə daxil edilir. Tutaq ki, hansısa xətt üzrə 20 avtobus çıxmalıdır, amma bu gün 18 avtobus çıxır. Biz bunun səbəbini dərhal araşdırırıq. Ola bilər həmin avtobuslar təmir məqsədilə dayanıb, yaxud yolda nasazlıq baş verib. Bunu fors-major halı kimi qiymətləndiririk. Amma sui-istifadə halları olduqda həmin daşıyıcıya xəbərdarlıq edilir. Əgər bu hal bir neçə dəfə təkrarlanırsa, həmin marşrut müsabiqəyə çıxarılır, tələblərə cavab verən digər daşıyıcıya təqdim olunur".