LGBT-nin təbliğinə qadağa qoyulmasına 1 nəfər "hə", 3 nəfər yox dedi - Təfərrüatlar
Rusiyanın Federasiya Şurasının ötən ay keçirilən iclasında ölkədə LGBT-nin, həmçinin, cinsiyyətin dəyişdirilməsini və pedofiliyanın təbliğatını qadağan edən qanun təsdiqlənib.
SputnikBAKI, 11 dekabr — Sputnik. Rusiyanın Federasiya Şurasının ötən ay keçirilən iclasında ölkədə LGBT-nin, həmçinin, cinsiyyətin dəyişdirilməsini və pedofiliyanın təbliğatını qadağan edən qanun təsdiqlənib. Qanun Rusiyada satılan hər hansı mallarda, xüsusən də filmlərdə, kitablarda, reklam çarxlarında, media və audiovizual xidmətlərdə LGBT təbliğatını qadağan edir.
Qanuna əsasən, bu qadağanın pozulması 10 milyon rubla qədər cərimə ilə cəzalandırılacaq.
Bundan başqa, bir müddət öncə Çin hökuməti qadınlara xas davranan kişilərə qarşı müharibə açıb. Belə ki, bu cür obrazı olanların telekanallara çıxmasına qadağa qoyulub. Çin hakimiyyəti inqilab mədəniyyətinin təbliğ olunmasının tərəfdarıdır. Buna görə də qadına bənzəyən kişilərin telekanallara yolu bağlanıb.
Ölkənin Milli radio və televiziya şirkəti zərif, anormal estetikalı kişilərin sonu çatmalı olduğunu bəyan edib. Şirkət Çində təhqiramiz ifadə sayılan "nyanq pao" terminini istifadə edib. İfadəni daha çox "arvad" kimi tərcümə etmək olar. Çin hakimiyyəti yerli pop ulduzların Cənubi Koreya və Yaponiya müğənnilərinin təsirinə düşdüyü̈qənaətindədir.
Kommunist Partiyası kişilik elementlərinin azalmasından narahatlığını bildirir. Telekanallara tapşırılıb ki, ictimai tarazlığı qorumayan, milli mənəvi keyfiyyətləri saymayan insanlar efirə buraxılmasın.
Bəs görəsən, bu tipli qanun Azərbaycan da qəbul oluna bilərmi? Ölkəmizdə Belə bir qanun qəbul olunmasına ehtiyac varmı?
Sputnik Azərbaycan bu məsələni araşdırıb. Sosial media eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycan konstitusiyasının 25-ci maddəsi belə bir qanunun qəbuluna imkan vermir. İstər milli, istər etnik, istər gender fərqlilikləri onların hansısa hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz:
"Bundan əlavə, biz Avropa Konvensiyasına qoşulmuşuq. Konvensiyanın 14-cü maddəsi də bunu qadağan edib. Bu istiqamətdə biz qanun qəbul etsək belə, Avropa məhkəməsi baxımından baxsaq, yenə də onun tətbiqi mümkün olmaz".
Hüquqşünas bildirib ki, konstitusiyamızı dəyişib yeni qanun qəbul etsək belə, yenə də belə bir qərarın qəbul edilməsi mümkün deyil:
"Konstitusiyamızı milli-mənəvi dəyərlərimiz mövcud ikən qəbul etmişik. Qanunvericiliyimiz doğuş fərqinə görə fərqləndirilən insanları təcrid etməyi qəbul etməz. Bu bir seçim deyil. Bu, bir yaradılış problemi ola bilər. Yaradılış fərqliliyinə görə insanları ayrı-seçkiliyə məruz qoymaq düşünürəm ki, insani cəhətdən də düz deyil".
Teletənqidçi Qulu Məhərrəmli isə belə düşünmür. Onun fikrincə, Çində nə qədər avtoritar rejim olsa da, bu addımı təqdir etmək lazımdır:
"Çində insan hüquq və azadlıqları ilə bağlı çox ciddi problem var. Amma buna baxmayaraq, hesab edirəm ki, bu, bizdə də tətbiq olunmalıdır. Amma bir məsələ var ki, bizdə həmin insanların heç biri etiraf etmirlər. Sadəcə cəmiyyətdə onlar haqqında şayiələr gəzir. "Filankəs belədir", "qulağı sırğalılar çoxalıb" kimi fikirlər dolaşır. Düşünürəm ki, cəmiyyətin bu günə qədər gətirib çıxardığı dəyərlər var, o dəyərlərə qarşı hansısa bir addım atmaq yanlış olar".
Milli Məclisin deputatı Fazil Mustafa isə bu qərarı məntiqli hesab etmir. Onun sözlərinə görə, həmin insan efirdə öz cinsi oriyentasiyasını təbliğ edirsə, onun efirə çıxmasına qadağa qoyula bilər:
"Söhbət nəyi təbliğ etməyindən gedir. Əgər bu yöndə hansısa bir təbliğat varsa, onun qarşısını almaq olar. Adı çəkilən ölkələrdə ola bilər ki, totalitar yanaşma var. Amma bunu Azərbaycanda tətbiq etmək olmaz".
F.Mustafa əlavə edib ki, ola bilər ki, insan cinsi azlıqdır, amma çox gözəl rəssamdır, yazardır və ya mühəndisdir. Onu cinsi azlıq olduğuna görə cəmiyyətdən təcrid etmək olmaz. Bu, ən azından insan haqlarına uyğun deyil:
"Biz müəyyən təşkilatların üzvüyük. Bu baxımdan ölkədə qadağalarla gündəmə gəlməyin tərəfdarı deyiləm. Məsələn, Türkiyədə Zəki Mürenin, Bülənt Ərsoyun çox böyük sənətləri olub, onların cinsi oriyentasiyasına görə televiziyadan uzaqlaşdırılmayıb. O insanların böyük sənətləri var, cinzi azlıq olduqlarına görə niyə onların sənətləri boğulsun ki? Bu qədər insanın cəmiyyətdən, sıradan çıxarılması insan hüquqlarına uyğun deyil".
Son zamanlar Azərbaycanda çəkilən komediya janrında filmlərin bəzilərində cinsi azlıqları təbliğ edən kadrlara tez-tez rast gəlinir. Bu, dünya kinosundan da yan keçmir. Tanınmış kinotənqidçi Sevda Suıtanova bildirir ki, Azərbaycan kinosunda homoseksual, kvir motiv, obrazlar əsasən kommersiya filmlərində yayılmağa başlayıb:
""Fokus" kinojurnalında kommersiya kinosu mövzusunda yazdığım araşdırmada bu məsələyə toxunmuşam. Yəni, bəzi filmlərdə cinsi azlıq motivi ironiya, aşağılama, gülüş doğurmaq üçün təsvir olunursa, bir qismində yumşaq, korrekt işlənir və situasiyalar hadisənin inkişafına xidmət edir. Bütün hallarda istənilən obraz, motiv dramaturji baxımdan əsaslandırılmalıdır və mən filmlərdə cinsi azlıqların təhqir olunmasının qəti əleyhinəyəm".
Sultanova əlavə edir ki, bugün komediya homoseksual obrazlar yer alsa da, dram, melodram janrında motiv işlənməyib. Dünya kinosunda isə mövzu üzrə onlarla film çəkilib. Hətta nüfuzlu festivallarda, Berlində məlum motivli filmlərə Teddi, Venesiyada Kvir Şir, Kannda isə Kvir Palma mükafatları təqdim olunur:
"Hərçənd, həmin filmlərin əksəriyyəti konyunkturadır, trendə hesablanıb, sənət meyararına cavab vermir. Amma aralarında az da olsa ciddi filmlər var. Bir daha vurğulayım ki, istənilən mövzudan çəkmək, istənilən obrazı qəhrəmana çevirmək olar. Yetər ki, dramaturgiyanın ve kinematoqrafiyanın tələblərinə cavab versin. Hətta kommersiya filmi olsa belə".