VİDEO

"Darayı"nı dünya bazarına çıxarmaq niyyətindəyik - Aynur Babaxanova - VİDEO

"Soyuq əllər, isti ürək" yarmarkasında iştirak edən Aynur xanım bildirir ki, oradan əldə olunan gəlirin bir qismini xeyriyyə məqsədi ilə xərcləyəcək.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Son zamanlar sosial mediada çox tanınan blogerlərdən biri də Aynur Babaxanovadır. Qeyri-adi geyim tərzi ilə seçilən Aynur xanım eyni zamanda "Darayı" markasının yaradıcısıdır. Markanın yaradıcısı bildirir ki, bu ticarət nişanına aid məhsullar təkcə Azərbaycanda yox, eləcə də xarici ölkələrdə satılır.
"Daha çox Türkiyədən, Gürcüstandan, Dubaydan sifarişlər gəlir. Elə ona görə də mən milli ad seçdim. "Darayı" kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayının yüksək səviyyədə istehsal edildiyi məlumdur. Bölgələrimizdən də sifarişlər var. Bölgələrdəki xanımlarımız orada "Darayı"nın filiallarının açılmasını istəyirlər. Planımızda var ki, gələcəkdə böyük şəhərlərimizdə, daha sonra bölgələrimizdə də olsun", - dey A.Babaxanova bildirib.
"Soyuq əllər, isti ürək" yarmarkasında iştirak edən Aynur xanım bildirir ki, oradan əldə olunan gəlirin bir qismini xeyriyyə məqsədi ilə xərcləyəcək.
İlk başlayanda əl işlərini təkbaşına yerinə yetirən Aynur xanım indi komanda ilə çalışır. Amma bütün aksesuarlar onun dizaynı əsasında hazırlanır:

"Hazırda 10 xanım mənimlə birlikdə çalışır. "Nərimanov"da böyük bir filialımız var. Dizaynı mən verirəm, onlar hazırlayırlar. Bu gün bölgələrdə, eləcə də paytaxt Bakıda xeyli sayda işsiz xanımlar var. Elə xanımlarımız var ki, onların həyat yoldaşları işləməyə icazə vermir. Mən həmin xanımları da işlə təmin etməyə çalışıram. Məsələn, öz eskizlərimi yollayıram, onlar da bunu işləyirlər. Sonra həmin əl işlərini satırıq. Məqsəd budur ki, qadınlar ruhdan düşməsin. Həm də qazanc əldə etsinlər".

Müsahibimiz deyir ki, hər kəs öz brendini yarada bilər. Yetər ki, sevgi və səbr olsun:
"Mən yeni başlayanda mənim heç bir dəstəkçim yox idi. Hamı bunu sadəcə ötəri həvəs, hobbi kimi düşünürdü. Amma zəhmətimin, yuxusuz gecələrimin sayəsində mən öz markamı yarada bildim. Çünki, çox böyük inam və istək var idi".
Aynur xanım bildirir ki, "Darayı"da qiymətlər 10 manatdan başlayır. Öz biznesini quran bloger bildirir ki, xammalı xarici ölkələrdən sifariş edir:

""Əl işi, göz nurudur" deyirlər. Bütün aksesuarlar özəldir. Lazım olan xammalı isə Türkiyədən, Dubaydan və Çindən sifariş veririk".

Pandemiya bir çox sahələrə zərbə vursa da Aynur xanım ən çox gəliri həmin dövrlərdə əldə edib.
"Pandemiya vaxtı alış daha çox idi. Çünki, hər yer bağlı idi. Biz isə satışı onlayn edirdik. Buna görə də həmin vaxtlar satışda problem olmadı", - deyə marka sahibi fikrini tamamlayıb.