Vaxtı keçmiş məhsullar yenidən satışda
Eyyub Hüseynov deyir ki, çox az istehlakçı şirkət öz mallarının ictimai məhvini həyata keçirmək istəyir
SputnikBAKI, 10 dekabr — Sputnik. Vaxtı keçmiş ərzaq məhsullarının yenidən etiketlənərək mağazalarda satılması ciddi problemə çevrilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Rüfət Quliyev də bu günlərdə bu problemi gündəmə gətirib. O bildirib ki, supermarketlərdə vaxtı keçmiş məhsullar var:
"Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb "peçat" vururlar".
Qeyd edək ki, bu problemdən istehlakçılar da şikayətlənir. “Facebook”* sosial şəbəkəsindəki "Müştəriyəm, şikayətim var" qrupunda vaxtaşırı köhnə ərzaq məhsullarının yeni tarixlə satışa çıxarıldığına dair şikayətlər paylaşılır.
Tural Əliyev adlı istehlakçı şikayətində bildirib ki, göyərmiş mərcilər yeni tarix vurularaq satışa çıxarılır. O, bunu əks etdirən şəkillər də paylaşıb. Buna bənzər onlarla şikayət var ki, hamısında köhnə məhsullara yeni tarix yazılaraq satıldığı bildirilir.
Millət vəkili Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində istifadə müddətinin bitməsinə bir həftə, on gün qalmış məhsullar piştaxtadan yığışdırılmalıdır. Həmin məhsullar istehsalçı şirkətə geri qaytarılmalıdır.
Deputat deyir ki, jurnalistlər vaxtaşırı iri supermarketlərdə bununla bağlı araşdırma aparmalı, bu cür hallar varsa, aşkarlanaraq ictimailəşdirilməlidir:
"Bu məsələdə ictimai nəzarətin olması vacibdir. Bəzən insanlar piştaxtada vaxtı keçmiş məhsulu görsə də, buna biganə münasibət sərgiləyirlər. Amma əslində belə hallara ciddi reaksiya verilməlidir. Bu halda halda şəbəkələrdə bu cür qanunsuzluqların qarşısı alınar".
R.Quliyev onu da bildirib ki, dövlət qurumlarına bununla bağlı çağırışlar da edilir:
"Belə halda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "qaynar xətt"inə dərhal məlumat verilməlidir:
"Heç kəs gözləməməlidir ki, bu məsələni deputat, jurnalist ictimailəşdirsin: "İctimai qınaq və ictimai nəzarətin böyük gücü var. Cənab prezident İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayıb ki, insanlar da diqqətli olsunlar. Harada qanun pozulur, buna dərhal reaksiya versinlər. Əminəm ki, belə hallara qarşı ictimai qınaq olarsa, supermarketlər, şirkətlər bu cür qanunsuzluqlara yol verməkdən çəkinəcəklər".
Deputat belə halla rastlaşdıqda mağazanın müdirinə iradını bildirdiyini söylədi.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən istifadə müddətini başa vurmuş məhsullar satışdan çıxarılır. Amma AQTA-nın apardığı istehlaka yararsız məhsulların məhv edilməsi kimi analoji işlər dəryada bir damladır:
"Alqoritmə uyğun olaraq, onlar mağazalarda toplanır. Distribütora qaytarılır. Daha sonra istehsalçı şirkətə yönəldilir. Əksər hallarda istehsalçı şirkət məhsulları ayrı qablara doldurur, tarixini dəyişir, yenidən marketlərə verir. Çox təəssüf ki, bu dövriyyə illərdir, davam edir. Çox az istehsalçı şirkətlər öz mallarının ictimai məhvini həyata keçirmək istəyir".
E.Hüseynov deyir ki, əslində vaxtı keçmiş mal birbaşa mağazadan məhvetmə poliqonuna getməlidir. Onun sözlərinə görə, istehlakçı hüquqlarını qoruyan qanunların zəif olduğu bir şəraitdə belə məhsullar çoxdur:
"Düşünürəm ki, xüsusi bir Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılmalıdır. Həmin MMC gündəlik AQTA-nın təşəbbüsü ilə vaxtı keçmiş malları yığıb, məhv etməli, yaxud da başqa bir məhsula çevirməlidir. Təəssüf ki, bu təcrübə Azərbaycanda yoxdur".
Birlik sədri deyir ki, Türkiyədə belə məhsullar üçün xüsusi bir yer ayrılır və böyük bir endirimlə istehlakçıya təklif edilir:
"Həmin endirimlər məhsulun satış dəyərinin yarısı qədər ola bilər. Azərbaycanda isə yararlılıq müddəti bitmiş və bitməsinə az qalmış məhsullar yenidən etiketi dəyişdirilərək istehlakçıya təqdim edilir. Çünki ölkəmizdə qanunvericiliklə vaxtı keçmiş məhsulların satışı qadağandır".
AQTA-dan isə sorğumuza cavabda bildirdilər ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür:
"Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin "1003 Çağrı Mərkəzi"nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür".
*Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib.