CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışdan çıxıb yağmura düşmək: Bakı-Sumqayıt yolunda avtobus zolağı nə vaxt hazır olacaq?

Bununla belə Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi birmənalı qarşılanmır.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Bakıda avtobusların tıxacda qalmasının qarşısının alınması üçün avtobus zolaqlarının çəkilməsi davam etdirilir. Bakı Nəqliyyat Agentliyi (BNA) 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlayıb.
Bu barədə Agentliyin fərdi nəqliyyat vasitəsi sürücülərinə və avtomobil sahiblərinə müraciətində bildirilir. Qurum bəyan edib ki, artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb. Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.
Daha bir zolağın çəkilişi ilə bağlı təklif isə Bakı-Sumqayıt yolu ilə bağlıdır. Bakı-Sumqayıt yolunda Xırdalan dairəsinədək avtobus zolağının çəkilməsi təklif edilir. Paytaxtdan Xırdalana müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, onlar bu yola avtobus zolağının çəkilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət ediblər.
Şirkətin açıqlamasında bildirilir ki, Abşeron rayonunun müxtəlif yaşayış məntəqələri istiqamətlərə hərəkət edən 40-a yaxın digər müntəzəm marşrut xəttlərinin hərəkət etdiyi Bakı-Sumqayıt yolunda hər gün müşahidə edilən güclü sıxlıq və tıxaclar sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinə böyük çətinlik yaradır:
"Hər gün onminlərlə insan bu yolda tıxacda qalır ki, nəticədə ictimai nəqliyyatın nüfuzu azalmaqla, insanlar fərdi nəqliyyat vasitələrinə yönəlir və tıxacların miqyası daha da artır. Bu vəziyyət həm ekologiyaya, həm sərnişinlərə, həm də şirkətimizə böyük zərbə vurmaqla nəqliyyatda xoitik durumun yaranmasına, insanların kütləvi narazılığına və şikayətlərə səbəb olur. Avtobus zolağının təşkil edilməsi ilə müntəzəm sərnişindaşımann keyfiyyəti artacaq, intervallar azalacaq, insanların daha qısa vaxtda paytaxta və geriyə çatdırılması təmin ediləcəkdir ki, bu da şəxsi nəqliyyat vasitələrindən istifadəni müəyyən dərəcədə azaldacaqdır.Qeyd edilənləri nəzərə alaraq Bakı-Sumqayıt yolunun Vaz dairəsi adlanan hissəsindən Bakı şəhər Moskva prospektinədək və geriyə olmaqla xüsusi avtobus zolağının təşkil edilməsinə böyük ehtiyac var. Xüsusi nəzarət olunan avtobus zolağının təşkil edilməsi həm də təcili tibbi yarım, yanğınsönürmə və digər operativ nəqliyyat vasitələrinin, eləcə də Sumqayıt istiqamətindən gələn minlərə sərnişinin vaxtında və təhlükəsiz hərəkətini təmin edəcəkdir".
Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi birmənalı qarşılanmır. Sərnişinlər bu təklifi alqışlasa da, digər yol iştirakçıları bunun sözügedən yolda tıxacı daha dözülməz edəcəyi qənaətindədirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xırdalan dairəsindən Şamaxinkadakı tunelədək avtobus zolağı yaratmaq heç nəyi dəyişməyəcək. Onun fikrincə sadəcə avtobuslar rahat hərəkət edə biləcək: "Sıxlıqda və tıxacda qalan sürücülər üçün dəyişən o olacaq ki, əvvəl 6 zolaqda tıxacda qalırdılarsa indi 5 zolaqda tıxacda gözləyəcəklər. Bunun da üstün cəhəti odur ki, tunelə daxil olan xaos azalacaq. Amma sağa - Şamaxinkaya çıxan avtobuslara görə orada da zolaq olacaqsa, o zaman vəziyyət lap pis olacaq. Baxaq görək Bakı Nəqliyyat Agentliyi və digər qurumlar bu məsələni necə həll edəcək".
Ekspert düşünür ki, hər bir halda ictimai nəqliyyata üstünlük vermək vacibdir. Amma parallellik də aparmaq lazımdır: "Avtobusların sayı artmayınca bu zolaqların mahiyyəti itmiş olur. Beş-on dəqiqədən bir avtobus keçəcəksə, bunu alqışlamaq lazımdır. Amma 20-30 aralığında hansısa bir avtobusun keçdiyi yola zolaq ayırmaq sadəcə olaraq, şou göstərib vəziyyəti daha da qəlizləşdirməkdir. Bütün hallarda atılan addımlar ictimai müzakirəyə çıxarılmalıdır. Dəyərləndirmə aparmaq lazımdır. Ən xırda məsələlər hesablanmalı və nəzərdən keçirilməlidir".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda avtobus zolağının salınması vacibdir. Onun sözlərinə görə avtobus zolaqları çəkilməyincə yollarda minik avtomobillərinin sayı azalmayacaq: "Bu yolda avtobus zolağı yaradılarsa, insanlar minik avtomobillərindən imtina edib könüllü ictimai nəqliyyata meyillənəcək. Əgər biz bunu etməsək, gələcəkdə minik avtomobillərinin əlindən tərpənmnək olmayacaq. Şəhərdən minik avtomobilini çıxartmaq lazımdır. Əks halda paytaxt küçələrində bu gedişlə hərəkət etmək mümkün olmayacaq".
B. Bağırov onu da bildirdi ki, qardaş Türkiyədə yollar demək olar ki, ictimai nəqliyyatın ixtiyarına verilib: "Bir yol avtobuslara, bir yol velosipedə, bir yol avtobuslara verilib. Minik avtomobillərinə bir zolaq kifayətdir. Ona görə biz çalışmalıyıq Sumqayıt istiqamətinə yerüstü metro xətti çəkək. Eləcə də avtobus zolaqları salaq. Bunu vaxtında etməliyik. Əgər indi etməsək, yaxın gələcəkdə o yolda hərəkət tam iflic olacaq. Bu paytaxtın digər yollarına da aiddir".
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda Xırdalan dairəsinədək avtobus zolağının ayrılması nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda bu istiqamətdə aidiyyatı qurumlarla birgə müzakirələr aparılır: "Əgər təkliflər müsbət rəy alarsa Bakı-Sumqayıt yolunda avtobus zolağının yaradılması bu ayın sonunadək öz həllini tapa bilər".
Həmsöhbətimiz deyir ki, xarici ölkələrin əksəriyyətində insanlar işə öz şəxsi avtomobilləri ilə getmirlər. Onlar ya ictimai nəqliyyatdan, yaxud da velosipeddən istifadə edirlər: "Biz avtobus zolaqları yaradıb onların sayını artırmalı, intervalı dəqiq təşkil etməliyik ki, insanlar özləri könüllü avtobuslara üstünlük versinlər. Bu yolla şəhərdə hərəkət edən taksilərin də sayı azalacaq".
M. Ağayev onu da qeyd etdi ki, Bakı Nəqliyyat Agentliyi (BNA) 49 küçə və prospektdə xüsusi zolaqların təşkilini təklif edib.O bildirib ki, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb: "49 küçə və prospektin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab olunur. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Lakin xüsusi zolaqların şəbəkə halında hələ də formalaşmaması, eyni zamanda, onun tələbinə ciddi riayət olunmaması hədəflənən nəticəni əldə etməyə imkan vermir".
Qeyd edək ki, Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə oluna bilərlər. Ötən il avtobus zolağına daxil olduğu üçün 40 min sürücü cərimələnib.