BAKI, 9 dekabr — Sputnik. "Mən Ukraynanın zamanla oynadığını və götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini söyləyən Putinin səmimiyyətinə və müdrikliyinə inanıram".
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın sabiq kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı sözlərini şərh edərkən deyib.
"Əvvəldən Ukraynanın zamanla oynadığını, Minsk öhdəliklərini yerinə yetirmək istəmədiyini deyən Rusiya Prezidenti Vladimir Putinin səmimiyyətinə və müdrikliyinə inanıram. O, bütün dövlətləri öz imzalarını əməlləri ilə təsdiqləməyə çağırıb...", - deyə Peskov "Birinci Kanal"ın efirində bildirib.
Bu yaxınlarda Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin müavini Maksim Buyakeviç Merkelin Minsk razılaşması haqqında söylədiklərinə münasibət bildirib. Onun sözlərinə görə, sabiq kanslerin bəyanatı Qərbin Ukraynadakı münaqişə ilə bağlı mövqeyini aydınlaşdırır.
O, həmçinin əlavə edib ki, Merkelin sözləri "çox şeyə”, xüsusən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynadakı hərbi əməliyyatların dayandırılması ilə bağlı istənilən çağırışlarının qeyri-ciddiliyi və Avropada Kiyev rejiminin çoxsaylı cinayətlərinə reaksiyasının olmaması barədə bəyanatına aydınlıq gətirir.
Xatırladaq ki, Merkel Ukraynadakı münaqişənin həllində iştirak etməyəcəyini bildirib. Onun fikrincə, vəziyyət danışıqlar yolu ilə həll olunacaq.