HƏRBİ

Ermənistan ordusu mövqelərimizi fasiləsiz atəşə tutub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görülən cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir".
Xatırladaq ki, dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.