BAKI, 9 dekabr - Sputnik. "Qazanılan şanlı qələbədən sonra Prezidentimiz qlobal prosesləri, postpandemiya və postmüharibə dövrünün çağırışlarını nəzərə alaraq, milli prioritetləri təsdiq edib".
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
O diqqətə çatdırıb ki, milli prioritetlər cəmiyyətimizin inkişaf çağırışlarını nəzərə alır: "Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Milli prioritetlərin icrası iki dövrə bölünür. Birincisi, 2022-2026-cı illəri əhatə edir. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərə çatmasıdır. Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”.
“İlkin hesablamalara görə, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur. Bunun 58%-i azad edilmiş ərazilərə yönəldiləcək”, - deyə o qeyd edib.
Baş nazir bildirib ki, son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib.
O diqqətə çatdırıb ki, Vətən müharibəsindən ötən müddət ərzində azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülüb. Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur regionunun sürətlə dirçəlməsinə səbəb olacaq. Tətbiq edilən güzəştlər həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasına səbəb olacaq.