SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkmənistan qazını Avropaya çatdırmağa çalışırıq - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri deyib ki, Türkiyə Orta Dəhlizi canlandırmağa çalışır.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. Türkiyə Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) canlandırmağa çalışır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra türk dünyasında inam yaranıb: "Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasına çalışırıq. Azərbaycan və Özbəkistanla da əməkdaşlıq davam edir”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyətini 2025-ci ilə qədər ildə 10 milyon tona çatdırmağı planlaşdırır. Bu ilin 10 ayı ərzində TBNM vasitəsilə Aktau və Kurık dəniz limanları vasitəsilə, təxminən, 1,5 milyon ton yük daşınıb. Bu da ötən illə müqayisədə 2 dəfə çoxdur (Report).