CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"AYNA İnformasiya Sistemi yaxın vaxtlarda istifadəyə veriləcək" - Nazir müavini

Nazir müavini vəd verib ki, nəqliyyat sektorunda davamlı islahatlar aparılır, lakin yük və sərnişin daşımaları ilə bağlı görüləcək işlər hələ qabaqdadır.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin tam formalaşdırılması başa çatıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "biletim.az" portalının təqdimatında bildirib.
"Nəqliyyat sektorunda davamlı islahatlar aparılır, lakin yük və sərnişin daşımaları ilə bağlı görüləcək işlər hələ qabaqdadır. Burada görülən işlərin əsas hədəfi vətəndaşların məmnunluğunun artırılmasıdır. Bütün bunları nəzərə alaraq islahatlar genişmiqyaslı aparılır. Son dövrlərdə aparılan islahatlardan biri Yerüstü Nəqliyyat Agentliyinin yaradılmasıdır", - R.Hümmətov deyib.
O hesab edir ki, islahatlar bundan sonra da davam edəcək.
Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaratdığı AYNA İnformasiya Sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. R.Hümmətovun sözlərinə görə, yeni sistem AYNA-nın fəaliyyətini daha da təkmilləşdirməyə kömək edəcək: "Bununla bağlı prezidentin sərəncamında bölmə var idi. Artıq biz işləri başa çatdırmışıq və tezliklə bu sistem istifadəyə veriləcək. Təcrübə göstərir ki, belə sistem dövlət qurumlarının işini daha da asanlaşdırır"
Xatırladaq ki, AYNA İnformasiya Sistemi avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin etmək məqsədi ilə yaradılır.