BAKI, 8 dekabr — Sputnik. Narkotik vasitənin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.
Belə ki, "İsuzu" markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü K.Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyevin narkotik maddə qəbul etməsi müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.