RUSİYA

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçirilib

Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Baş prokuror Kamran Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.
Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.
Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.
Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.
***
Dekabrın 8-də Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumlararası əlaqələrin möhkəmləndirilməsi və regionda təhlükəsizliyə artan təhdidlərin qarşısının alınması üçün birgə səylərin əlaqələndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Moskva şəhərinə səfər edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Xəbərə görə, İqor Krasnov dəvətini qəbul etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edərək, qurumlarası münasibətlərin yüksək səviyyədə olduğunu və bunda qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev dəvətə görə təşəkkürünü ifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. Həmçinin, görüş zamanı cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.