BAKI, 8 dekabr — Sputnik. 2023-cü il "Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarış keçiriləcək. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Sprint yarışlarına Azərbaycan ilə yanaşı, Avstraliya, Belçika, Braziliya, ABŞ və Qətər də ev sahibliyi edəcək.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da keçiriləcək növbəti "Formula 1" Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlayıb.
BŞH-dən bildiriblər ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərin xarici dil biliyi arzu olunandır. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.
Formula 1, Bakı, arxiv şəkli
© Sputnik / Murad Orujov
2023-cü il Azərbaycan Qran-Prisi Könüllülər Proqramının elan olunması ilə bağlı BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib ki, Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı, hər il olduğu kimi onların peşəkar inkişafına da xüsusi diqqət göstərir. Belə ki, onların fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, fərqli mövzularda seminarlar və danışıq klubları keçiriləcək. Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni biliklər qazana və fikir mübadiləsi apara biləcəklər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Belə tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları BŞH üçün xüsusi əhəmiyyət kəsb edir.
"Formula 1" Azərbaycan Qran-Prisində könüllülüyə namizədlər ən azı 16 yaşında olmalıdır. Onların ingilis dilini yaxşı səviyyədə bilmələri arzu ediləndir (əlavə xarici dil bilənlərə üstünlük veriləcək). Həmçinin, iştirakçıların seçimində onların yüksək motivasiyalı olmasına və əzmkarlığına xüsusi diqqət yetiriləcək.
Qeyd edilən tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.
Xatırladaq ki, 2022 "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilib və Red Bull komandasının pilotu Maks Ferstappen qalib olub.