PAYTAXT XƏBƏRLƏRİ

Bakıda evdən yüz min manatlıq oğurluq edən şəxslər tutulub

Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Quldurluqda şübhəli bilinənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də saat 05 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində "Volkswagen" markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Yoxlama zamanı sürücünün Ağdam rayon sakini Orxan Müsəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. Bu zaman avtomobildə olan sərnişinlər - Cəbrayıl rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Həsən Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsilə yoxlayıb.
Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Kürdəmir Rayon Polis Şöbəsində onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6007 ABŞ dolları və 996 manat, O.Müsəvidən 6200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb.
Araşdırmalarla O.Müsəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da müəyyən olunub.