BAKI, 8 dekabr — Sputnik. İlin sonuna kimi Ermənistan və Azərbaycan XİN rəhbərlərinin daha bir görüşünün keçirilməsi barədə razılıq var. Bu barədə Ermənistan parlamentində hökumət saatında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O əlavə edib ki, görüşün vaxtı hələ müəyyən edilməyib, lakin bu ilin sonuna qədər baş tuta bilər. Mirzoyan deyib ki, sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir, Yerevan bu yaxınlarda Azərbaycan tərəfdən daha bir təklif alıb və tezliklə öz təklifi ilə çıxış edəcək.
Bundan başqa Ermənistan hökuməti Azərbaycan ərazisindəki qondarma quruma 20 milyon dollar yardım göstərilməsi barədə qərar qəbul edib.
Sputnik Azərbaycan Ermənistan tərəfinin son addımları ilə bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Ermənistan tərəfdən verilən açıqlamalar ikibaşlıdır: “Onlar həm də ilin sonuna qədər sülh sazişinin imzalanmasının baş tutmayacağını deyirlər. Bu, Ermənistan tərəfinin daxili və xarici siyasətdə manipulyativ siyasi xəttinin davamıdır”.
Arzu Nağıyev qeyd edib ki, Ermənistan Fransa və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə status məsələsini gündəmə gətirməyə, diriltməyə çalışır:
“Azərbaycan öz ərazilərində yaşayan etnik ermənilərə Konstitusiyamızda göstərilmiş bütün hüquqların təminatı ilə öz vətəndaşı kimi yanaşmağa təşəbbüs göstərir. Bunun üçün faktiki olaraq işlər də görülür. Azərbaycan Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə sabitliyin olmasında maraqlıdır. Bununla belə bu reinteqrasiya prosesinə əngəl olmaq istəyənlər, regionda sabitlik və sülhün təminatından narahat olanlar yenə də iş başındadırlar. Biz bunu həm İranın, həm Fransanın timsalında görürük. İran öz təxribat qruplarını ərazilərimizə göndərir, Fransa senatı tamamilə əsassız qətnamə qəbul edir. Təbii olaraq ermənilər də o xəyala düşürlər ki, dünya bunların sərsəmləmələrinin gerçəkləşməsinə kömək edəcək”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan hökuməti tərəfindən qondarma quruma vəsait ayrılması da, sülh prosesini pozmağa yönəlmiş növbəti təxribatdır:
“Azərbaycanın qırmızı xətləri var. Ərazi bütövlüyümüz müzakirə mövzusu deyil. Kiminsə qondarma quruma qahmar çıxması bizim bununla barışacağımız anlamına gəlmir. Ermənistan belə addımlarla sadəcə özünə zərər vuracaq. Qondarma rejim quldurbaşı Arayik Harutyunyanın timsalında dilənçilik edir. Bütün bu addımlar sülh prosesini pozur”.
Politoloq İlyas Hüseynov isə bildirib ki, oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra Brüsseldə daha bir görüşün keçirilməsi planlaşdırılırdı:
"Son dövrlər Fransanın sərgilədiyi destruktiv mövqeyə görə Azərbaycan onun bu görüşdə iştirakını qəbul etmədiyini bildirdi. Ermənistan isə Fransanın tərəf kimi iştirakında israrlıdır. Azərbaycan regiondakı sülh, sabitlik naminə təşəbbüsləri dəstəkləyir. Azərbaycan üçün maraqlıdır ki, tezliklə sülh müqaviləsi imzalansın. Ermənistanın destruktiv siyasəti və Fransanın bunu dəstəkləməsi fonunda Avropa İttifaqının sülh təşəbbüsləri heçə enir. Fransa açıq-aşkar sülh prosesini pozur. Qondarma rejimin rəhbərinin Fransada təmtəraqla qonaq edilməsi də bunu göstərir".
Politoloq vurğulayıb ki, Ermənistan həm də Rusiyanın vasitəçilik mövqeyinə zərbə vurmağa çalışır:
"Fransa qüvvələrini regiona cəlb etməyə çalışır. Ermənistan silahlanmanı artırır. Bu ölkənin hərbi xərcləri yüksəlir. Hindistandan silah alışı ilə bağlı müqavilələr imzalanıb. Özünü İslam Respublikası kimi təqdim edən İran tərəfindən Ermənistana pulsuz raketlər verilir. İndi isə Ermənistan Azərbaycan ərazilərinə yardım büdcəsi ayırır. Bütün bunların fonunda isə sülh danışıqları davam etdirilir. Düşünürəm ki, Ermənistan büdcəsindən ayrılan yardım separatçıların silahlanmasına, İran xüsusi xidmət orqanlarının bölgədəki fəaliyyətinə və digər destruktiv işlərə xərclənəcək. Bu onu göstərir ki, Ermənistan sülh istəmir və sülhə hazır deyil".