BAKI, 7 dekabr - Sputnik. Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev APA-ya bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.
"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək".
Xatırladaq ki, bir neçə gün əvvəl Xəzərin Dağıstan sahillərində 2500 suiti cəsədi aşkarlanıb.
Qeyd edək ki, Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırki suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.