BAKI, 7 dekabr - Sputnik. Dekabrın 7-də Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Bu barədə Azərtac xəbər yayıb.
Danil monastırında baş tutan görüşdə Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni səmimi salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb. Patriarx deyib:
“Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibtlərdə xeyirxah abu-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir. Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək”, -deyə o bildirib.
Görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxına xalça üzərinə həkk olunmuş portretini hədiyyə edib.