Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başa çatdı. Birgə təlimlər Bakı və Ankara arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilib.
Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.
Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov son hərbi təlimləri Sputnik Azərbaycan-a şərh edib.
Hərbi ekspert bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir:
"Bu təlimlər planlara uyğun olaraq həyata keçirilir. Təlimlərin həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyəti var. Təlimlərin hərbi cəhətdən əhəmiyyəti ilə yanaşı, siyasi önəmini də qeyd etməliyik. Eyni zamanda Şuşa Bəyannaməsi bizim Türkiyə ilə bütün istiqamətlər üzrə birgə fəaliyyətimizi hüquqi olaraq təsdiq edir. Bu təlimlərin hərbi məqsədləri var. Bu, ondan ibarətdir ki, iki ölkənin orduları bir-biri ilə təcrübə mübadiləsi etmiş olurlar. Digər tərəfdən qarşıya qoyulan tapşırıqların birgə yerinə yetirilə bilməsi baxımından önəmlidir".
Ehtiyatda olan polkovnik qeyd edib ki, bu, təlimlərin ən yüksək pilləsidir:
"Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətləri digər türkdilli ölkələr nümunə kimi qəbul edirlər. Türkdilli ölkələrin birgə ordusunun yaradılması barədə də fikirlər səsləndirilməkdədir. Bu təlimlər həm də dünya üçün bir mesajdır. Azərbaycan və Türkiyə öz maraqlarını və sülhü qorumaq üçün birgə hərəkət edəcəklər. Təlimlərin cənub istiqamətində keçirilməsi müəyyən suallar doğursa da, qonşu İranın bizə qarşı qərəzli, bir çox hallarda düşməncəsinə sərhədlərimiz yaxınlığında keçirdiyi təlimləri nəzərə alsaq, bu addımların atılması zəruri idi. İran Ermənistanı özünün qırmızı xətti hesab edir. Bu təlimlər İrana mesajdır ki, gələcəkdə bizə qarşı hər hansı addım atmaq fikrinə düşsə, qarşısında Azərbaycan və Türkiyə ordularını görəcək".
"Azərbaycan və Türkiyə beynəlxalq arenada hər zaman sülhə yönəlmiş addımlar atır. Bu təlimlər Azərbaycan və Türkiyənin düşmənlərini üzə çıxarır. Bizim birgə fəaliyyətimiz işğalçılığa yox, sülhü qorumağa, iqtisadi inkişafı təmin etməyə, əməkdaşlığı genişləndirməyə yönəlib. Regionumuzda sülhü pozmaq istəyənlərin qarşısında Azərbaycan və Türkiyə orduları dayanacaq", - deyə ekspert vurğulayıb.