"Rusiya və Yaxın Şərq" adlı paneldə çıxış edən təmsilçimiz Ruslan Quliyev bildirib ki, bu gün belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki turizm o qədər həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr həm qlobal, həm də regional miqyasda ona dərhal təsir edir: "2020-ci ilin əvvəlindən bütün dünyanı qorxu altında saxlayan COVID-19 pandemiyası qısa müddətdə qlobal turizm iqtisadiyyatını iflic vəziyyətinə salıb. Qitələrarası logistika və rabitə sahəsində qlobal məhdudiyyətlər turizm sektorunda trilyonlarla vəsaitin itirilməsinə və 100 milyon iş yerinin bağlanmasına səbəb olub. Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 faizi 25 yaşa qədər gənclər və bir o qədər də qadınlardır, onda bu problemin nə qədər ciddi olduğunu başa düşə bilərik".
"Min bir dərdin dərmanı olan Naftalan nefti, Qalaaltı sanatoriyası, Naxçıvanda Duzdağ, Masallıda istisu mənbələri hələ Sovet dövründən indiki MDB ölkələrində tanınıb və sevilib. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın turizmin digər istiqamətləri ilə yanaşı, tibbi turizm imkanlarını bir qədər də genişləndirib. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatları hazırda öyrənilir, bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir".