BAKI, 7 dekabr — Sputnik. Dünyada koronavirusa yoluxma sayı sürətlə artır. Artıq dünya üzrə bu rəqəm 645 milyon nəfəri ötüb. Koronavirusdan ölənlərin sayı isə 6 milyon 640 min nəfərdən artıqdır.
Ən çox yoluxma ABŞ, Hindistan, Braziliya və Almaniyada qeydə alınıb. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, Çində yoluxma 43 faizə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ümumilikdə dünyada koronavirusa yoluxmada 2 faiz artım var.
Koronavirusa yoluxma sayının artması ölkəmizə də təhlükə yaradır. Pandemiya dövründə qoyulmuş qadağaların mütləq əksəriyyətinin götürüldüyü ərəfədə koronavirusa yoluxma sayının Azərbaycanda da artma təhlükəsi varmı? Bu təhlükədən sovuşmaq üçün hansı tədbirlər görülməlidir?
TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada koronavirusa yoluxmada artım narahatlıq yaradır:
"Bununla belə, qeyd edim ki, müxtəlif ölkələrin sanitar epidemioloji vəziyyəti bir-birindən kəskin fərqlənir. Bu gün koronavirusla bağlı əsas diqqətdə saxlanılan məqam yoluxma sayı yox, ağırlaşma və ölüm hallarının qarşısını almaqdır. Bu, vacib göstərici hesab olunur. Peyvəndlənmə prosesi bütün ölkələrdə davam etdirilir. Peyvəndləmə Azərbaycanda da aparılır. Ona görə də əsas hədəf yoluxma yox, ölüm hallarının azalmasıdır".
TƏBİB rəsmisi onu da bildirib ki, əksər ölkələrdə peyvəndləmə öz effektini verməkdədir. Onun sözlərinə görə, peyvənd vurulduğu ölkələrdə ölüm sayında azalma var:
"Ona görə də yoluxma hallarının artması mümkündür. Bunun intensivliyi müxtəlif ölkələrdə epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər. Lakin qarşısını ala biləcəyimiz əsas məqam ağırlaşma və ölüm hallarıdır ki, bunun üçün peyvəndlənmə və qorunma vasitələrindən istifadə etməliyik".
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov isə bildirib ki, hazırda dövriyyədə yeni koronavirus infeksiyası da var:
"Bu virusun dünyada tez-tez mutasiyaya uğrayaraq sürətlə yayılmasının dəfələrlə şahidi olmuşuq. Beləliklə, bütün bu növ hava-damcı respirator virus infeksiyalarından qorunmaq yolu bir tərəfdən əsasən risk qruplarına daxil olanların peyvənd olunmasından, digər tərəfdən isə sıx təmaslardan qaçmaq, maska geymək, məsafə gözləmək və gigiyena qaydalarına əməl etməkdən keçir".
Onun sözlərinə görə, yoluxma hallarının yüksəlişi olduğu vaxtlarda əhali xüsusilə diqqətli olmalı, qaydalara hamılıqla əməl edilməlidir:
"Xəstəlik əlamətləri olan insanlar özlərini təcrid etməlidirlər. Valideynlər xəstələnmiş uşaqları bağçaya, məktəbə buraxmamalı və həkimə müraciət etməlidirlər".