BAKI, 7 dekabr — Sputnik. COVID-19-a qarşı həddindən artıq sərt "sıfır tolerantlıq" siyasətindən kəskin ictimai narazılıq fonunda Çin hakimiyyəti onu optimallaşdırmaq üçün əlavə tədbirlər barədə qərar qəbul edib. Bura ayrı-seçkilik olmadan universal PCR testinin ləğvi, xəstəliyin asemptomatik və yüngül gedişində ev təcridində qalma imkanı, qızdırma əleyhinə dərmanların onlayn və oflayn alışına qoyulan məhdudiyyətlərin ləğvi və yaşlı insanların peyvəndlənməsinin sürətləndirilməsi daxildir.
Çində anti-epidemioloji nəzarətin dünyada ən sərt tədbirlərdən biri olaraq qalmasına baxmayaraq, ölkədə epidemioloji vəziyyət yenidən pisləşir. Noyabrın əvvəlindən COVID-19-un çoxsaylı yerli epidemiyaları səbəbindən ölkənin bir çox şəhərlərində bütün ərazilər karantinə alınıb və onların sakinləri mütəmadi olaraq PCR testindən keçməli olublar. Bunun fonunda, noyabrın sonunda Çinin bir sıra böyük şəhərlərində - Şanxay, Pekin, Quançjou, Uhanda çox sərt antikovid məhdudiyyətlərinə qarşı etirazlar keçirilib. Nümayişçilər lokdaunların dərhal ləğv edilməsini və müntəzəm genişmiqyaslı PCR testinin dayandırılmasını, həmçinin, antiepidemioloji tədbirlərin yumşaldılması siyasətinin həyata keçirilməsini tələb ediblər.
ÇXR Dövlət Şurasının koronavirus infeksiyası epidemiyasının qarşısının alınması və nəzarətinin birgə mexanizmi çərşənbə günü antiepidemioloji siyasətin optimallaşdırılması üçün 10 tədbirin tətbiq olunduğunu bildirən bir bəyanat yayıb. Son bir həftə ərzində Çin hakimiyyəti yerlərdəki "əyilmələri" və lazımsız tələbləri aradan qaldırmaq istəyini elan edərək antikovid məhdudiyyətlərini fəal şəkildə aradan qaldırır.
Qərara əsasən, bütün bölgələr epidemioloji risk zonalarının müəyyənləşdirilməsinə elmi və diqqətlə yanaşmalı, onlara yalnız yoluxmuş binalar, mənzillər, mərtəbələr və ev təsərrüfatları aid etməli və karantinin bütün yaşayış komplekslərinə, küçələrə, rayonlara və yaşayış məntəqələrinə özbaşına genişlənməsinə yol verməməlidirlər. Əvvəllər bir neçə onluq sayında yoluxma hadisəsi səbəbindən çox milyonluq bir ərazini karantin altına ala bilərdilər.
Səlahiyyətlilər, həmçini, PCR testinin aparılmasını optimallaşdırmaq barədə qərar qəbul ediblər. Əgər əvvəllər xəstəliyin kiçik bir epidemiyası olsa belə, bir rayondan və ya hətta bir şəhərdən bütün yoluxmuş şəxsləri mümkün qədər tez müəyyən etmək üçün bir neçə raund universal məcburi PCR testi keçirmək tələb olunurdusa, hazırda yüksək riskli ərazidə işləyən və ya müvəqqəti qalanlar PCR testindən keçməli olacaqlar. Səhiyyə müəssisələri, qocalar evləri, uşaq baxım müəssisələri, ibtidai və orta məktəblər istisna olmaqla, ictimai yerlərə baş çəkmək üçün artıq mənfi PCR testləri tələb olunmur.Çinin bir bölgəsindən digərinə səyahət edərkən PCR testləri və elektron "Sağlamlıq kodları" lazım deyil. Eyni zamanda qeyd olunur ki, dövlət idarələri və iri müəssisələr epidemiyanın qarşısının alınması və nəzarət tədbirlərini müstəqil müəyyənləşdirmək hüququna malikdirlər. Məsələn, ÇXR XİN-də gündəlik mətbuat konfransında iştirak etmək üçün jurnalistlər hələ də 24 saatlıq PCR testinin mənfi nəticəsini təqdim etməlidirlər.
Digər mühüm xəbər isə xəstələrin karantinə qoyulması tələblərinin optimallaşdırılmasıdır. Əgər əvvəllər yoluxmuş, simptomları olan və olmayan, habelə yaxın təmasda olan şəxslər icbari mərkəzləşdirilmiş karantinə göndərilirdisə, indi asemptomatik daşıyıcılar və xəstəliyin yüngül gedişi olan şəxslər müalicə üçün evdə təcrid oluna, ya da istədikləri təqdirdə mərkəzləşdirilmiş karantinə gedə bilərlər. Evdə izolyasiya dövründə sağlamlıq monitorinqini gücləndirmək, izolyasiyanın altıncı və yeddinci günündə iki PCR testindən keçmək lazımdır. Yaxın təmasda olanlar, lazımi şərtlərə sahib olduqları təqdirdə beş günlük ev təcridində qala və ya beşinci gün mənfi PCR testindən sonra çıxa biləcəkləri mərkəzləşdirilmiş izolyasiyanı könüllü olaraq seçə bilərlər.
Eyni zamanda, bloklanan yüksək riskli ərazilərdə yeni yoluxma faktı aşkar olunmayacağı təqdirdə, karantin rejiminin beş gün ərzində aradan qaldırılacağı bildirilir.
Səlahiyyətlilər, həmçinin ölkə daxilində apteklərin adi qaydada işləməsini və öz istəkləri ilə bağlanmamasını, qızdırma əleyhinə, öskürək dərmanları, virus əleyhinə, soyuqdəymə üçün dərmanlar kimi onlayn və oflayn reseptsiz dərmanların alınmasına heç bir məhdudiyyət qoyulmamasını əmr ediblər. Əvvəllər pandemiyanın müxtəlif dövrlərində bu vəsaitlərin satışı ya qadağan edilmiş, ya məhdudlaşdırılmış, ya da yalnız pasport təqdim edildikdən sonra həyata keçirilə bilərdi.