İQTİSADİYYAT

Azərbaycanda elektrik enerjisinin istehsalı artacaq

Bu, "Azərişıq" ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında öz əksini tapıb.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Sürətli iqtisadi inkişaf nəticəsində ölkə daxilində elektrik enerjisi istehsalının 2023-2027-ci illərdə illik təxminən 3 faizədək artacağı gözlənilir.
Bu, "Azərişıq" ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında (ASİP) öz əksini tapıb.
ASİP-də nəzərdə tutulmuş tədbirlər uzun illər fəaliyyət göstərən enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi ilə Azərbaycanda enerji paylama sektorunun enerji səmərəliliyinin təkmilləşdirilməsi məqsədini daşıyır.
Bu planın həyata keçirilməsi ilə paylayıcı şəbəkədə elektrik təchizatının etibarlılığı artacaq, paylama sistemində elektrik enerjisi itkiləri azalacaq, korporativ islahatlar və kadr potensialının gücləndirilməsi işləri dəstəklənəcək, istehlakçılara göstərilən xidmətlərin səmərəliliyi və keyfiyyəti daha da yüksələcək, elektrik təchizatı və satışı idarələrinin əməliyyat və maliyyə göstəriciləri yaxşılaşacaq və paylama subsektorunda innovasiyalar dəstəklənəcək.
10 ayda ölkədə elektrik enerjisi istehsalı 3,8% artıb
Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb.
Bu ilin 10 ayında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 23 milyard 748,6 milyon kVt/saat təşkil edib.
Bu müddət ərzində ixrac 2 milyard 101,2 milyon kVt/saat, idxal isə 115,7 milyon kVt/saat olub.