NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb

"Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 dollardan aşağı düşüb.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,19 dollar artaraq 79,54 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 74,38 dollar olub.
Azərbaycan neftinin qiyməti isə 5 dollar azalaraq 82,09 dollar olub.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu azaldıb. Gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,82 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,16 mln. barel azdır.
"OPEC plus" ölkələri bazar günü hasilatı noyabr ayından 2023-cü ilə qədər sutkada 2 milyon barel azaltmaq üzrə oktyabr planına sadiq qalmağa razılaşıblar. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.
"OPEC plus" ölkələri nazirlərinin növbəti görüşünün gələn il iyunun 4-də keçirilməsi razılaşdırılıb. O da qeyd edilib ki, "OPEC plus" ölkələri bazarda tələbə uyğun olaraq istənilən vaxt görüş keçirməyə və əlavə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.
Onu da bildirək ki, Avropa İttifaqı ölkələri dəniz yolu ilə tədarük edilən Rusiya neftinin tənzimlənən qiymətinin yuxarı həddinin bir barel üçün 60 dollar olması barədə razılığa gəliblər. Oxşar qərarlar G7 ölkələri və Avstraliya tərəfindən də elan edilib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiya nefti üçün müəyyənləşdirilmiş qiymət tavanını qəbul etməyəcək.
"Moskvanın neftin qiymətinin yuxarı həddi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu, kobud və qeyri-bazar alətidir, Rusiya hasilatı azaltmalı olsa belə, yalnız bazar şərtləri ilə neft və neft məhsullarını tədarük edəcək", - deyə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
"Biz hasilatı bir qədər azaltmalı olsaq belə, bizimlə bazar şərtləri əsasında işləyəcək ölkələrə neft və neft məhsullarını satacağıq", - deyə Aleksandr Novak əlavə edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.