BAKI, 7 dekabr — Sputnik. Aİ-nin aparıcı ölkələri Brüsseli Rusiyaya qarşı sanksiyaları tənzimləməyə çağırır ki, sanksiyalar ərzaq və gübrələrin tədarükünə mane olmasın. Bu barədə "Financial Times" yazıb.
Fransa, Almaniya, Hollandiya, İspaniya, Belçika və Portuqaliya mövcud sanksiyaları tənqid edib. Qeyd edilib ki, Avropa Komissiyası Rusiya taxılının və gübrələrin daşınmasına icazə verilməsi ilə bağlı tövsiyələr versə də, bir sıra hökumətlər və nəqliyyat operatorları onların hüquqi müdafiəni təmin etmək üçün kifayət qədər etibarlı olmadığını bildirir.
"Mövcud hüquqi vəziyyət ərzaq və gübrə ticarətinə əhəmiyyətli dərəcədə mane olan sanksiyaların tənqidinə imkan verir", - altı ölkənin nümayəndələri tərəfindən hazırlanan sənəddə deyilir.
Memorandumun müəllifləri deyirlər ki, bəzən Avropa limanlarında ərzaq məhsullarının daşınması həddindən artıq gecikdirilir, çünki şirkətlər sanksiyalar altında olan ayrı-ayrı şəxslərə məxsus Rusiya qrupları ilə sövdələşmələrə girməkdən çəkinirlər.
Ümumiyyətlə, onların fikrincə, hazırda Aİ-nin Rusiya ilə kənd təsərrüfatı sövdələşmələrində "arzuolunmaz" vəziyyət mövcuddur.
"Bu, Aİ-nin ərzaq təhlükəsizliyi sahəsində ümumi siyasətinə ziddir", - sənəddən sitat gətirilir.
Sənəd kənd təsərrüfatı və ərzaq məhsullarının alınması, idxalı, ixracı və ya daşınması üçün lazım olan vəsaitləri və ya iqtisadi resursları məsuliyyətdən azad edəcək sanksiyalarda aydın izahat tələb edir.
Aİ Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini müzakirə etməyə hazırlaşır. Qeyd edilir ki, bir sıra dövlətlər bu müzakirədən qida və gübrə ilə bağlı düzəlişlər etmək üçün fürsət kimi istifadə etmək istəyir.