DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran hicabsız qadınların bank hesablarını dondurmağı planlaşdırır

Parlamentari əmindir ki, belə bir tədbir ölkədə etirazların dayandırılmasına kömək edəcək və iranlı qadınlar düzgün hicab taxmağa başlayacaqlar.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. İranda hicab geyinməmiş qadınların bank hesablarının dondurulması təklif edilib. Bu barədə İranın "Donya-e-Eqtesad" qəzeti İran parlamentinin deputatı və İran İslam Şurasının Mədəniyyət üzrə komissiyasının üzvü Hüseyn Cəlalinin bəyanatına istinadən məlumat yayıb.
Parlamentari əmindir ki, belə bir tədbir ölkədə etirazların dayandırılmasına kömək edəcək və iranlı qadınlar düzgün hicab taxmağa başlayacaqlar.
Cəlali hesab edir ki, hicab taxmaq qaydalarının pozulması halında həbslərə əl atmağa ehtiyac yoxdur. Deputat qanunu pozanlara yazılı xəbərdarlıq edilməsini, təkrar pozuntu halında isə artıq onların bank hesablarının bloklanmasını təklif edib.
Bundan əvvəl İran hakimiyyəti ölkədə əxlaq polisini ləğv edib. Qərar ölkədə iki aydan çox davam edən etiraz aksiyalarından sonra qəbul edilib. Kütləvi iğtişaşlar Tehranda əxlaq polisi tərəfindən səhv hicab geyindiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. O, həbsindən bir neçə gün sonra dünyasını dəyişib.
İran parlamenti hicabın məcburi taxılması məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb.