DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Minsk FAO-ya Belarus gübrələrinə qarşı sanksiyalarla bağlı çağırış etdi

Qərbin Belarus gübrələrinə qarşı tətbiq etdiyi sanksiyaların təsiri problemi diqqətdən kənarda qalır və artıq bir ilə yaxındır ki, "korlarla karların söhbətini" xatırladır.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Belarus gübrələrinə tətbiq edilən sanksiyaların dünyada ərzaq təhlükəsizliyinə təsirini qiymətləndirməlidir. Bunu Belarus nümayəndəsi Kirill Petrovski FAO Şurasının iclasında bildirib.
"Bu gün biz heç kimin bütün dünyanı aldatmağa davam etməsinə imkan verməyəcəyik. Gübrələrə qarşı sanksiyalar mövcuddur, onlar birbaşa ərzaq təhlükəsizliyinə təsir göstərir və FAO bu təsiri qiymətləndirməlidir", - deyə Petrovski bildirib.
O hesab edir ki, Qərbin Belarus gübrələrinə qarşı tətbiq etdiyi sanksiyaların təsiri problemi diqqətdən kənarda qalır və artıq bir ilə yaxındır ki, "korlarla karların söhbətini" xatırladır. Diplomat xatırladıb ki, Belarus gübrələrinə və onların istehsalçılarına qarşı sanksiyalar 2022-ci ilin fevralından çox əvvəl tətbiq edilib.
"Dünyanın ərzaq təhlükəsizliyinin səviyyəsinə təsir edən amillər var. Əslində çıxış yolu tapmaq üçün hər kəs onları bilməlidir", - Belarus nümayəndəsi bildirib.
Qərb ölkələri Rusiyanın Ukraynanın demilitarizasiyası üzrə fevralın 24-də başlayan xüsusi əməliyyatına verdiyi dəstəyə görə Minskə qarşı sanksiyaları genişləndirib. Mart ayında Aİ Belarusa qarşı yeni sanksiyalar barədə razılığa gəlib, onlar həmçinin Belarus iqtisadiyyatının bir sıra sektorlarına, xüsusən də kalium gübrələrinin istehsalına təsir göstərir. Keçən ilin iyununda Aİ artıq müəyyən tərkibdə aktiv tərkib hissəsi olan Belarus kalium gübrələrinin ticarətinə məhdudiyyətlər qoyub. Bundan əlavə, fevral ayında Litva kalium gübrələrinin öz ərazisindən limanlara daşınmasını dayandırıb və Belarusun kalium sənayesi müəssisələri ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Qərbin sanksiyaları kalium gübrəsi istehsalçısı "Belaruskali" və onun məhsullarının ixracatçısı Belarusun "Potash" şirkətinə təsir edib.
Belarusla Qərb ölkələri arasında münasibətlər 2020-ci ildə icazəsiz kütləvi etirazlara səbəb olan prezident seçkilərindən sonra kəskin şəkildə pisləşib və bu etirazlar, digərləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi texnikanın köməyi ilə yatırılıb. Qərb ölkələri Minski seçki pozuntularında və insan haqlarının pozulmasında ittiham edərək, Belarus rəsmilərinə və müəssisələrinə qarşı sanksiyalar tətbiq edib.