DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğludan Yunanıstana sərt xəbərdarlıq: Bir gecə və qəfildən

Sentyabrın sonunda Türkiyə Müdafiə Nazirliyi Yunanıstan tərəfindən Egey dənizində silahsızlaşdırılmış statusa malik Midilli (Lesbos) və Sisam (Samos) adalarına zirehli texnika təhvil verildiyini açıqlayıb.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanı Egey dənizindəki beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış hesab edilən adalara silah yerləşdirməkdən imtina etməyə çağırıb.
Çavuşoğlu jurnalistlərə açıqlamasında Türkiyə ona qarşı təhdidlərə biganə qalmayacaq: "Kim külək əkəssə, qasırğa biçəcək! Ya Yunanıstan geri addım atacaq və razılaşmalara əməl edəcək, ya da Türkiyə lazımi tədbirləri görəcək. Bir gecə və qəfildən".
Qeyd edək ki, bu sözləri daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana demişdi.
Sentyabrın sonunda Türkiyə Müdafiə Nazirliyi Yunanıstan tərəfindən Egey dənizində silahsızlaşdırılmış statusa malik Midilli (Lesbos) və Sisam (Samos) adalarına zirehli texnika təhvil verildiyini açıqlayıb. Bununla bağlı Ankara bəyan edib ki, Afina beynəlxalq müqavilələri, xüsusilə Lozanna (1923) və Paris (1947) müqavilələrini pozaraq orada hərbi texnika yerləşdirir.
Türkiyə və Yunanıstan mübahisəli adaların statusu, ərazi sularının sərhədləri və Egey dənizindəki hava məkanına görə dəfələrlə hərbi münaqişənin astanasında olublar.
Yunanıstanın ərazi suları orada 6 dəniz milinə qədər uzanır, lakin Afina bunu beynəlxalq səviyyədə tanınmış standart olan 12 dəniz miline qədər uzatmaq hüququna malik olduğunu deyir. Öz növbəsində Ankara Afinaya xəbərdarlıq edib ki, Yunanıstanın öz ərazi sularını belə genişləndirməsi müharibə elan etmək üçün bəhanə olacaq. Türkiyə də Yunanıstan hava məkanının ərazi suları kimi 6 dəniz mili ilə məhdudlaşdığını nəzərə alaraq, Egeydəki adalar ətrafındakı 10 millik Yunan hava zonasını tanımır.