BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdəki mənzil qərargahında Avrasiya departamenti tərəfindən təşkil olunan “Avrasiyanın dostları” tədbirində iştirak edib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək bildirib ki, Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi dövlətlərin ərazi bütövlüyünə dəstək prinsipini hər zaman rəhbər tutur.
Leyla Abdullayeva hazırkı geosiyasi və geoiqtisadi çətinliklərə baxmayaraq, 2022-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Bu ilin son 6 ayı ərzində iqtisadi artımın qeydə alındığını, qeyri-neft sektorunda 7,8 faiz, nəqliyyat sektorunda 27,2 faiz artımın müşahidə olunduğunu diqqətə çatdırıb.
Həmçinin L.Abdullayeva iclasda Ermənistan tərəfindən səsləndirilən tamamilə yanlış və ittiham dolu çıxışa da münasibət bildirərək, bölgədəki reallıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin ərazilərinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu, ölkəmizin 2020-ci ilin payızında öz ərazi bütövlüyünü bərpa etdiyini, üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə son qoyulduğunu bildirib. O qeyd edib ki, Ermənistan bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir, erməni nümayəndənin bu iclasda səsləndirdiyi iddialar tamamilə yanlışdır.
“Ermənistanın heç bir ərazisi işğal altında deyil. Ancaq Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və ümid edir ki, yaxın zamanda rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, normallaşma istiqamətində müvafiq addımlar atacaq”, - deyə diplomat vurğulayıb.
L.Abdullayeva işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə də məlumat verib.
Qeyd edək ki, tədbirin əsas məqsədi OECD-yə üzv ölkələrin, eləcə də təşkilatın Avrasiya Rəqabətlilik Proqramında iştirak edən tərəfdaş ölkələrin səfirlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək, regionda və qlobal miqyasda Rusiya-Ukrayna müharibəsinin və COVID-19 pandemiyasının iqtisadi sarsıntılarını idarə etmək siyasətini qiymətləndirmək və müzakirə etmək olub.