BAKI, 6 dekabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dekabr ayının 4-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 (on) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən, 160 nəfər isə dövlət sərhədini pozduqlarına görə saxlanılıb.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.