RUSİYA

Lavrov: Rusiya ABŞ və NATO-ya xəbərdarlıq siqnalları göndərir

Rusiya XİN rəhbəri bildirib ki, Qərbin Rusiyanı cilovlamaq səyləri kontekstində ABŞ və bütövlükdə NATO-nun faktiki hərbi qarşıdurma xətti ciddi təhlükə yaradır.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. ABŞ və NATO-nun Rusiya ilə faktiki hərbi qarşıdurma xətti fəlakətli nəticələrlə doludur, Moskva Vaşinqton və Brüsselə nüvə gücləri arasında birbaşa toqquşmanın yolverilməzliyi barədə xəbərdarlıq siqnalları göndərməyə məcburdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Qərbin Rusiyanı cilovlamaq səyləri kontekstində ABŞ və bütövlükdə NATO-nun bizimlə faktiki hərbi qarşıdurma xətti ciddi təhlükə yaradır. Aydındır ki, bu fəlakətli nəticələr nüvə güclərinin birbaşa toqquşması ilə doludur. "Biz bununla bağlı mütəmadi olaraq xəbərdarlıq siqnallarımızı göndərməyə məcburuq. Lakin Qərbdə onları ciddi qəbul etmək əvəzinə, onları qərəzli şəkildə təhrif edirlər və bizi təhdid ritorikasından istifadə etməkdə ittiham edirlər", - Lavrov Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçılarına videomüraciətində deyib.
O qeyd edib ki, Rusiya "nüvə beşliyi ölkələrinin birgə sənədlərində əksini tapmış anlaşma məntiqinə qəti şəkildə riayət edir".
"Beş gücün nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı bəyanatına uyğun olaraq, nüvə silahına malik ölkələr arasında istənilən silahlı münaqişənin qarşısını almaq lazımdır. Rusiya məhz bundan çıxış edir", - deyə o vurğulayıb.