BAKI, 5 dekabr — Sputnik. Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri daha da artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edib.
Yeni redaksiyaya əsasən, dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat olub.
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
İşğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.