QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan 1-ci Qarabağ müharibəsində həlak olanların qalıqlarını Azərbaycana təhvil verib

Ermənistan Birinci Qarabağ müharibəsi zamanı həlak olduğu iddia edilən 10 nəfərin qalıqlarını, həmçinin dörd cəsədin mümkün yerlərini göstərən iki xəritəni Azərbaycan tərəfinə təhvil verib.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Ermənistan tərəfi Qarabağda ilk müharibənin ehtimal olunan 10 qurbanının qalıqlarını Azərbaycana təhvil verib. Bu barədə Sputnik Ermənistan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Dekabrın 1-də Ermənistan tərəfi Birinci Qarabağ müharibəsi zamanı həlak olduğu iddia edilən 10 nəfərin qalıqlarını, həmçinin dörd cəsədin mümkün yerlərini göstərən iki xəritəni Azərbaycan tərəfinə təhvil verib", - məlumatda deyilir.
Bildirilir ki, 2020-ci il noyabrın 9-dan bu yana Ermənistan tərəfi Azərbaycana 5 xəritə və Qarabağdakı Birinci müharibənin 140 qurbanının qalıqlarını təhvil verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olub ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).
Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-sı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.