BAKI, 5 dekabr - Sputnik. Azərbaycan BMT-nin hədəfli maliyyə sanksiyalarının hüquqi əsasını yaradır.
Bununla bağlı “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun layihəsi FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.
Qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.
Layihənin əsas müddəaları na gəlincə, HMS terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə görə tətbiq oluna bilər.
HMS fiziki şəxslərə və qurumlara qarşı tətbiq oluna bilər. Qurumların dairəsi qanun layihəsinin 1.1.4-ü maddəsində göstərilir. HMS tədbirlərinin tətbiqi üçün əsas BMT TŞ-nin müvafiq qətnamələridir. HMS cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmir və önləyici xarakter daşıyır.
HMS tədbirləri aşağıdakı formalarda icra edilir:
- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlərinin təxirəsalınmadan donduruması;
- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan olunması.
Aktivlərin dairəsi qanun layihəsinin 1.1.5-ci maddəsində, iqtisadi resursların dairəsi isə 1.1.10-cu maddəsində göstərilir.
Aktivlər terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulur.
Sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar beynəlxalq siyahılara BMT TŞ-nin müvafiq sanksiya komitələri tərəfindən, ölkədaxili siyahıya isə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edilir. Bu siyahıların formalaşdırılması qaydası, o cümlədən onlara daxil edilmə və çıxarılmaya dair müddəalar qanun layihəsinin 3-cü və 4-cü fəslində ətraflı şəkildə nəzərdə tutulur.
Beynəlxalq və ölkədaxili siyahılar HMS dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və sanksiya tətbiq edilmiş fiziki şəxslərə və qurumlara xəbərdarlıq etmədən aktivlər dondurulmalıdır (Report).
Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.