BAKI, 2 dekabr — Sputnik. Xalq artisti, qarmon ustası Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
O, xalq artistinin reanimasiyada olduğunu deyib:
"İllər öncə ağ ciyərlərinə su yığılmışdı. Biz İrana apardıq. İrandakı həkimlərin sayəsində bu problem aradan qalxıb. İndi isə böyrəklərində problem yaranıb. Böyrəklərdə kreatinin səviyyəsi artıb. Dünən vəziyyəti çox pis idi. İndi həkimlərin sayəsində biraz aşağı düşüb".
Qeyd edək ki, bir neçə il öncə xalq artisti plevrit xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Sənətkar ağciyərinin ətrafında maye yığıldığını bildirmişdi.
Məlumat üçün bildirdək ki, görkəmli qarmon ustası Azərbaycanla yanaşı, həm də Dağıstanın Xalq artistidir. "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.