CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Stilist uşaqların boyanmasına qarşı: Ən bahalı kosmetika belə təbii gözəlliyi əvəz etmir

Məşhur stilist Anar Ağakişiyev hesab edir ki, uşaq yaşlarından onların saçlarını, dərisini, ən əsası, zehnini zəhərləmək olmaz.
Sputnik
BAKI, 4 dekabr - Sputnik. Son zamanlar azyaşlı qızların saçlarının boyanması tendensiyaya çevrilib. Məşhurların övladlarının başlatdığı bu trendə sadə vətəndaşlar da qoşulub. Bəs görəsən, erkən yaşda qızların saçlarının boyanması və makiyajı nə dərəcədə doğrudur? Gələcəkdə hansı fəsadlara yol aça bilər?
Dermatoveneroloq Sevinc Kərimova bildirir ki, makiyaj edirkən istifadə olunan kosmetik məhsullar dərinin məsamələrini bağlayır və dərindən fizioloji olaraq ifraz olunan tərin qarşısını alır. Nəticədə sızanaqlar yaranır. Ona görə də qızların erkən yaşlarda makiyaj etməsi doğru deyil. Həkim onlara gigiyenalarına fikir verməyi tövsiyyə edir:
Sevinc Kərimova
"Çox yağlı dəriləri mütəmadi sabunla yumaq olar, amma daimi sabundan, toniklərdən, lasionlardan, özəlliklə də antibakterial lasionlardan istifadəni tövsiyə etmirəm. Çünki, uzunmüddətli istifadə zamanı bu cür antibakterial lasionlar dərinin özünün müdafiə təbəqəsini - mikroflorasını məhv edir. O zaman dəri tam müdafiəsiz qalır və təbii ki, bu halda kənardan ikinci infeksiyaların dəriyə yoluxması və xəstəlik yaratması daha asanlaşır".
Azyaşlı qızların saçlarının boyanmasına gəldikdə isə həkim bildirir ki, saçların rənglənməsi onun tez ağarmasına və təbii parlaqlığını itirməsinə səbəb ola bilər:
"Əgər saçda ağarma yoxdursa, özünün təbii gözəlliyini qoruyub saxlasınlar. Saç boyalarından istifadə etməsinlər. Saç boyaları adətən saçın piqmentinin yanması ilə aparılır. Yəni, saç rənginin açılmasında istifadə edilən boyalar saçlarımıza rəng verən piqment hüceyrələrini məhv edir. Saç boyalarının içində demək olar ki, bütün kimyəvi boyalar, xüsusən də ammonyak var. Bu da saçların erkən ağarmasına səbəb olur. Ona görə də tövsiyəm odur ki, azyaşlı və gənc qızların saçlarında heç bir ağarma yoxdursa, özünün təbii rəngini saxlasınlar, saçın rəngini dəyişməsinlər. Çünki yaşa dolduqca, artıq saçların daha sürətlə ağarmasını müşahidə edəcəklər və saç ağarınca da məcburi olaraq saç boyasından istifadə edəcəklər. O da çox yorucu olur, saçların parlaqlığını, elastikliyini itirməsinə, keyfiyyətinin itməsinə gətirib çıxarır".
Həkim əlavə olaraq bildirib ki, erkən yaşlarda dırnaq boyalarından istifadə də gələcəkdə müəyyən fəsadlara yol aça bilər:
"Dırnaq boyası çəkirik, sonra onu aseton maddəsi ilə silirik. O da uçucu maddə olduğu üçün nəfəs aldığımız zaman tənəffüs sistemi ilə birbaşa ağciyərlərdən qana sovrulur. Daimi asetonla təmasda olan insanların qaraciyəri toksiki zədələnməyə məruz qala bilər. İndi daha çox "şellak", "gel", "qaynaq" dəbdədir. Bu da zərərlidir. Çünki, qalıcı olsun deyə bir neçə qat kimyəvi boylar və maddələr çəkilir. Bu zaman dırnaq sədəfinin səthi zədələnir. Gigiyenik qaydalara düzgün əməl olunmayanda, müxtəlif infeksiyalara, ən çox da dırnaq göbələklərinə yoluxma riski yüksək olur".
Tanınmış stililist Anar Ağakişiyev də azyaşlı qızların saçlarının boyanması və makiyajdan istifadəsinə qarşıdır. Onun sözlərinə görə, qızlar 25 yaşından sonra makiyaj etməlidirlər:
"Bu, nə qədər mənim biznesimə zidd fikir olsa da, həmişə azyaşlı xanımlarımızın makiyaj etməsinə qarşıyam. Əksər hallarda müştərilərimi bundan çəkindirməyə çalışıram. Ən bahalı kosmetik vasitə belə, təbii gözəlliyi əvəz edə bilməz. Mənə görə, qızlar ilk makiyajlarını "Son zəng" mərasimində etməlidirlər. O da minimal olmalıdır. Bəzən universitet tələbələrinə baxırsan, adi günlərdə çox sərt makiyaj edirlər. Kənardan heç də xoş görünmür. Onların gənclik təravətlərinə o makiyaj kölgə salır".
Stilist Anar Ağakişiyev
Türkiyədə uzun müddət çəkiliş meydançalarında çalışan məşhur stilist bildirir ki, orada da uşaqların makiyajına icazə verilmir: "Uşaq yaşlarından onların saçlarını, dərisini, ən əsası, zehnini zəhərləmək olmaz. Çünki, uşaq müəyyən yaşdan sonra nələrisə bilməlidir. Uşaqlıq, gənclik geri qayıdacaq bir şey deyil. Onun dadını çıxarmalıdırlar. Saç boyasını, kosmetikanı 70 yaşında da istifadə edə bilərlər. Bəzən valideynlər mənə övladlarını gətirirlər ki, bəlkə nəsə dəyişiklik edəsiniz. Mən onlara deyirəm ki, Allahın verdiyi təbii gözəlliyi mən məhv edə bilmərəm. Mən nə də etsəm, Allahın yaratdığı qədər gözəl olmayacaq. Bəzən görürsən ki, 6-7 yaşlı uşağın saçlarını müxtəlif rənglərə boyayırlar. Bu heç də xoş görünmür.