BAKI, 4 dekabr - Sputnik. Rusiyanın Nijnevartovsk şəhərində evin uçması nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bazar günü Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində çoxmərtəbəli yaşayış binasında məişət qazının partlaması baş verib, üçüncü girişdə ikinci və üçüncü mərtəbələrin tavanları qismən uçub.
Bundan əvvəl hakimiyyət nümayəndələri dörd nəfərin yaralandığını, beş nəfərin öldüyünü, daha bir nəfərin itkin düşdüyünü bildirmişdilər.
“Moskva vaxtı ilə saat 19:00-a olan məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 6-sı ölüb, 4-ü tibb müəssisələrinə yerləşdirilib. Hadisə yerinə gecə-gündüz həyata keçiriləcək xilasetmə əməliyyatları üzrə operativ qərargah yerləşdiriləcək", - deyə məlumatda bildirilir.
O da əlavə edilib ki, evin sakinləri təxliyə olunaraq müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib.
Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir, bina mərtəbə-mərtəbə yoxlanılır, dağıntıların təmizlənməsi və yanğının söndürülməsi işləri aparılır.