RUSİYA

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyanın prioritetlərindəndir - XİN

Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını alqışlayır.
Sputnik
BAKI, 4 dekabr - Sputnik. Rusiyanın xarici siyasət prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərə uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında deyilir.
Bildirilir ki, Rusiya tərəfi üçtərəfli sazişlərin həyata keçirilməsi Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt hesab edir.

"Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə riayət olunmasına nəzarət edir və məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir. Sülhməramlılar qaçqınların geri qayıtmasına, dinc həyatın bərqərar olmasına kömək edir, ərazilərin minalardan təmizlənməsinə, hərbi əsirlərin və məhbusların mübadiləsinə vasitəçilik edir", - deyə sənəddə qeyd olunur.

O da bildirilir ki, Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır:
"Azərbaycan və Ermənistan tərəfdaşları ilə birlikdə baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil əlaqələrinin yaradılmasına imkan verəcək və əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik".
"Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını alqışlayırıq. Delimitasiya prosesinin başlanması Azərbaycan və Ermənistan arasında sərhəd insidentlərinin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin xahişi ilə lazımi məsləhətçi yardımı göstərəcək. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır", - deyə sənəddə əlavə olunur.
Rusiya sülhməramlılarının Qarabağdakı keçid məntəqəsi, arxiv şəkli
Daha sonra Rusiya XİN-in açıqlamasında deyilir ki, RF Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək:
"Humanitar sahədə təmaslar Bakı ilə Yerevan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələri arasında qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək. Biz Ceyhun Bayramovun qarşıdakı səfərini Rusiya-Azərbaycan etimad əsasında siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində hesab edirik".
Qeyd edək ki, Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.