VİDEO

Gözləri görmür, amma maneələri aşmağı, həyata bağlanmağı yaxşı bacarırlar

Özlərini bu həyatda tənha hiss etməmək üçün bir-birilərinə sıx sarılıblar. Və bu, onları çox zaman gözündə nur olanlardan daha güclü edir...
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Bəlkə də kənardan bizim üçün onların həyatı tamamilə rəngsiz, qaranlıq görünür. Onlar yaşamaq, ayaq üstə dayanmaq üçün bir cığır axtarmağa daha çox çaba sərf edirlər. Görmə məhdudiyəti olan şəxsləri digərlərindən fərqləndirən yeganə xüsusiyyət isə onlarda altıncı hissin, duyğuların daha güclü olmasıdır.
Bu gün bütün dünyada beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Əvvəlki illərlə müqayisədə indi əlillik dünyada məhdudiyyət yox, fərqlilik kimi qəbul edilir. Ümumi baxış belədir ki, fiziki imkanların məhdud olması özünə qapanmağı deyil, daha çox öz üzərində işləyib bacarıqları üzə çıxarmağı tələb edir.
Sputnik Azərbaycan bu minvalla görmə məhdudiyyəti olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinə üz tutub.
5 nömrəli Respublika xüsusi internat məktəbi
Ən yüksək bal toplayanlardan biri elə bu məktəbin məzunu olub
Öncə məktəbin uğurları haqda məlumat alırıq. 306 şagirdin təhsil aldığı məktəb haqda danışan direktor İradə Vəzirova bildirir ki, cari ildə təhsil ocağının 26 məzunundan 11-i ali məktəbə qəbul olub. Onlardan biri də 596 bal toplayan, riyaziyyatı bir fənn kimi deyil, elmi səviyyədə öyrənməyi qarşısına məqsəd qoyan Əlizadə Nihatdır.
Bu aləti dəftərin üzərinə qoyaraq şagirdlər xüsusi üsulla yazırlar
Vəzirovanın sözlərinə görə, şagirdlərin 124-ü bütün gününü burada keçirir, burada yatır və qalırlar. Həmin 124 uşağın ailələri bölgələrdə, Bakı ətrafı uzaq ərazilərdə yaşayanlardır:
"Bu uşaqlar arasında şənbə-bazar günlərində evlərinə gedənlər var. Amma çətin də olsa qeyd etməliyəm ki, onların arasında ailəsindən qovulanlar da mövcuddur".
5 nömrəli Respublika xüsusi internat məktəbi
Dərd üstünə dərd yaşayan körpələr, bundan sonra onları hansı sınaqların gözlədiyindən də xəbərsizdirlər
İnternatın balaca sakinlərindən biri də Aydındır. Onun anası onkoloji xəstəlikdən dünyasını dəyişib. Bundan sonra atası ikinci dəfə ailə həyatı qurub və Aydından imtina edib.
Məktəbin direktoru İradə Vəzirova
"Hətta Aydın bir dəfə atasının evinə getmişdi. Amma atası onu evdən qovmuşdu. Aydın hazırda rayonda yaşayan ana nənəsinin himayəsindədir, o da onkoloji xəstədir", - müəssisənin rəhbəri kövrələrək bildirir.
Aydın baxımlı, yaraşıqlı, geyiminə həssas yanaşan uşaqdır. Həm şahmata, həm də musiqiyə böyük marağı var. Çətin tale yalnız Aydının boyuna biçilməyib. Burada onun taleyini yaşayan başqa uşaqlar da var.
Burada təhsil alan uşaqlar o qədər sərbəst hərəkət edirlər ki, kənardan baxanlar onlarda görmə məhdudiyyətinin olduğunu hiss etməzlər. Direktor bildirir ki, ümumiyyətlə, görmə qabiliyyəti olmayan uşaqlar bu məktəbdə üstünlük təşkil edir. Onlar arasında bir gözündə 3-5, 8 faiz görmə qabiliyyəti olanlar da var. Ümumiyyətlə, bu müəssisədə görməsi 30 faizdən aşağı olanlar təhsil alır.
Yaşamaq naminə maneələri aşmağı öyrənirlər
Direktorun sözlərinə görə, məktəb bu uşaqlara təhsildən əlavə maneələri aşmağı da öyrədir:
"Əslində şagirdlərimiz müxtəlif məşğələlərlə də maneələri aşmağı öyrənirlər. Onların arasında futbol, şahmat oynamağı, hətta tikməyi bacaranlar var. Onların şahmat taxtaları dəliklidir, fiqurların çıxıntıları var, rəqibin daşlarına toxunaraq onun qərar tutduğu yeri müəyyənləşdirə bilirlər. Bundan başqa, məktəbimizin qızlardan ibarət cüdo komandası var. Paralimpiya idman növündə isə şagirdlərimiz məktəbimizi xizəksürmə, üzgüçülükdə təmsil edirlər. Məktəbin futbol üzrə "Qolbol" komandası da var. Təmsilçilərimiz Almaniya, Fransa, Rusiyada keçirilən oyunlarda müxtəlif kuboklara layiq görülüblər. Məktəbin şagirdləri hər il Rusiyada keçilən "Ağ Əsa" proqramına qatılırlar".
5 nömrəli Respublika xüsusi internat məktəbi
Onların adı artıq Azərbaycandan çox uzaqlara - Tokioyadək gedib çıxıb.
Musiqi bu uşaqların ruhunun qidasıdır
Məktəbin digər məzunu Səməd Novruzov Musiqi Akademiyasının ikinci kurs tələbəsidir. O, bir neçə il öncə Sputnik Azərbaycan-ın vasitəsilə Rusiyanın NTV telekanalında yayımlanan "Sən Supersən" proqramında çıxış edərək qələbə ilə geri dönüb.
"Səməd oxuyanda mən həmişə ağlamışam. Səməd o qədər içdən oxuyurdu ki, musiqi sanki elə onun içinə yerləşmişdi", - İradə Vəzirova deyir.
Təməl bilikləri öyrətmək, öyrənmək çətin olsa da, burada müəllimlər, şagirdlər bütün çətinliklərin öhdəsindən gəlirlər. Məktəbdəki müəllimlərin hamısı görmə məhdudiyyətlidir.
Evə dönüş
1985-ci ildə məktəbin məzunu olan Əliqeys Ağakişiyev ali təhsil aldıqdan sonra öz dili ilə desək, yenidən öz evinə geri dönüb. Bu vaxtadək 8 buraxılış sinfi yola salan ibtidai sinif rəhbərinin işi elə də asan deyil. Birinci sinifdən Brayl əlifbasını tədris etmək nə qədər çətin olsa da, bu əlifbanı bilmədən gəlib daha yuxarı siniflərində təhsil alanlara yenidən 0-dan təhsil vermək daha çətindir.
Çünki bu əlifba ənənəvi əlifba ilə müqayisədə qat-qat çətindir. Hərflər kiçik damaların üzrərində xüsusi alətlə deşilirək həkk olunur. Hər bir hərf isə bir deyil, bir neçə nöqtədən ibarət olur. Bir dama 6 nöqtədən ibarətdir. Əliqeys müəllim öz təcrübəsini uşaqlara da aşılayır. O, əlifbanı öyrətməzdən öncə barmaqlarda hissiyatı oyadır:
Məktəbin məzunu və müəllimi - Əliqeys Ağakişiyev
"Ümumiyyətlə, uşaqda müəyyən qədər görmə varsa, biz o zaman görməni saxlayırıq, Braylla öyrədirik ki, uşaq yeriyə, ayağının altıı görə bilsin. Hər bir işdə olduğu kimi bu işin də öz çətinlikləri var. Sinfimə təzə gələn elə uşaqlar var, onlar ümumiyyətlə Brayl əlifbasını bilmirlər. Çalışıram ki, qısa zamanda onlar da yaşıdları ilə eyni səviyyəyə çatsınlar".
"Müəllim olmaq da asan deyil, elə uşaqlar var, dərsi tez, eləsi də var ki, çox gec mənimsəyirlər", - deyə müəllim əlavə edib.
Rövşən İgidəliyev şagirldərinə şahmat üzərindən maneələri aşmağı öyrədir
Bura hər bir bölgədən axışıb gələn uşaqlar var. Müəllim deyir ki, əksər hallarda valideynlər övladları ilə davranışlarda müəyyən nöqsanlara yol verirlər. Bu da sonradan onların işində çətinliklər yaradır: "Əksər hallarda valideynlər övladlarının bütün işlərini özləri edir, hətta onları yedizdirirlər. Əslində isə onlara sərbəst davranmağı öyrətmək lazımdır".
Şahmat taxtası üzərindən maneələri aşmaq...
Filosofların fikrincə, şahmat elə həyatın özüdür. Bəhs etdiyimiz məktəbdə uşaqlara həm də şahmat taxtası üzərindən maneələri aşmağı öyrədirlər. Bu şahmat taxtasında hər kəs özünə aid rolu oynayır. Burada məğlub olmağı, məğlub olarkın müdafiə üsullarını tapmağı, məğlub etməyi, bir sözlə hədəfə çatmağı öyrənirlər.
Elə həmsöhbətimiz Rövşən İgidəliyev kimi. 2009-cu ildə bu məıktəbin məzunu olan Rövşən müəllimin əsas arzusu burada çalışaraq uşaqlara kömək göstərmək olub. Özünün görməsi 7-8 faizdən aşağıdır. O həm riyaziyyat, həm də dərsdən sonra şahmat müəllimi olaraq çalışır:
"Bu məktəb şəxsiyyət kimi yetişməyə, ayaq üstdə durmağa kömək edir. Kənardan da bu fərqi açıq-aşkar hiss etmək mümkündür ki, burada oxuyan görmə məhdudiyyətli uşaqlar tamamilə komplekssizdir, rahatlıqla özlərini idarə edə bilirlər. Məsələn, valideynlərinin kompleksinin qurbanı olaraq evdə qalan, cəmiyyətdən təcrid olunan görmə məhdudiyyətli uşaqlarla müqayisədə bizim şagirdlərimiz tamamilə fərqlidir".
Onların dəftəri ağappaqdır, sadəcə üzərində deşiklər var
Burada hər bir şərait olduğu üçün uşaqların istedadları da üzə çıxır
Vaxtilə rayondan Bakıya - bu məktəbdə təhsil almaq üçün gətirilən Rövşən müəllim bir anlıq uşaqlığına səyahət edir. O deyir ki, bu məktəbə gəlib oxuduqda valideyn anlayışı artıq ikinci plana keçir: "Bu məktəbdə oxuyursansa, bundan da əlavə rayon uşağısansa, artıq valideyn anlayışı sənin üçün yadlaşır, müəllimlər sənin valideynlərin olur. Çünki sən daha çox onları görürsən. Tərbiyəçi müəllimlər həm ev tapşırıqlarımızla məşğul olur, geyim-keçimimizə baxır, həm də qayğı, nəvaziş göstərirlər. Buradakı valideynlər mənəvi valideynlər olduqları üçün bu məktəbə daha çox bağlı olurlar".
"Buranın bizə qazandırdığı böyük bir ailə var, dostlar var. Bu gün də sinif yoldaşlarımla əlaqəmi kəsmirəm. Ən çətin günlərimizdə bir-birimizin yanındayıq", - deyə o, əlavə edir.
Gəlişimizi bir gün öncədən bilən şagirdlər bizim üçün "Hacı Qara" tamaşasını hazırlamışdılar.
Soldakı şagiridn ümumiyyətlə görmə qabiliyyəti yoxdur
Dəhlizlə yeriyib işimizin yekunlaşdığını düşünürdük. Amma sən demə bu körpə ürəklərin bizim üçün olan sürprizləri bitməmişdi... Dəhlizin o başından şəhid Xudayar Yusifzadənin ifası ilə məşhurlaşmış "Vətən yaxşıdır" təsnifi körpələrin dilində səslənirdi. Əsas ifaçı mərkəzdə dayanmışdı, digər uşaqlar isə dəstə-dəstə pilləkəndən əl-ələ verərək, yıxılmamaq üçün bir-birilərindən bərk-bərk yapışaraq səhnəyə doğru enirdi.
Bir az həyəcan, bir az qəhər, bir də buradakı uşaqların yaşamaq, həyata bağlanmaq eşqi adama öz peşəsinin tələblərini unutdurur. Sanki onlardan yazacaq adam deyil, onlardan birisən. Bəziləri Tanrının onlara bəxş etdiyi fiziki imkanları qiymətləndirə, bununla necə xoşbəxt olduqlarını dərk edə bilmirlər. Daha çox maddi sərvətlər axtarışında olurlar. Buradakı uşaqlar isə sadəcə gözdəki nurun axtarışındadırlar. Başqalarının əlini tutmağı, yıxılanı yerdən qaldırmağı bacarırlar. Dəhlizlə sərbəst yeriyə bilsələr də, bir-birlərinin əllərini bərk-bərk sıxırlar. Özlərini bu həyatda tənha hiss etməmək üçün bir-birilərinə sıx sarılıblar. Və bu, onları çox zaman gözündə nur olanlardan daha güclü edir...